Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    AZZ_6884Изображение 104Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “xəstələnməmiş sağlamlığın, qocalmamış cavanlığın, o dünyaya getməmiş bu dünyanın qədrini bilin!”
    Böyük yunan filosofu Platondan (Şərqdə Əflatun deyirlər) insanların əməlləri barədə soruşduqda belə cavab vermişdi: “İnsan uşaq olarkən tez böyüməyə can atar, böyüdükdən sonra isə uşaqlığı üçün darıxar. İnsan əvvəl pul qazanmaq üçün sağlamlığını qurban verər, sonra da sağlamlığı qazanmaq üçün pulunu. İnsan heç ölməyəcəkmiş kimi yaşayar, sonra da yaşamamış kimi ölər. Insan yaxşı həyat yaşamaq üçün o qədər vaxt sərf edər ki, yaşamağa vaxtı qalmaz. Insan sabahı o qədər düşünər ki, bu günün əlindən getdiyini hiss etməz. Halbuki həyat dünən və sabah deyil, bu gündür!”
    Bəli, həm Hz. Peyğəmbərin (s) və həm də bütün dahilərin tövsiyəsi budur ki, hər bir əməli, işi öz vaxtında etmək lazımdı, əsasən də gənclərimiz, cavanlarımız öz qüdrətli enerjilərindən elm, bilik öyrənməyə xərcləməlidirlər. Dövrümüzdə isə dini bilgilər öyrənmək və öyrətmək ən əsas, ən ümdə məsələyə çevrilib artıq. Bəzi təmənnalı qüvvələr, bizi sevməyən qurumlar. əllərinə fürsət keçən kimi dini bilgisi çox az olan cavanlarımızdan öz çirkin məqsədləri üçün istifadə edərək, onların müxtəlif hərbiləşdirilmiş quldur birliklərində, İŞİD ƏLQAİDƏ, Qafqaz camaatı və s. tərkibində döyüşlərə qatılmasına səbəb olurlar. Bunun da nəticəsində nə qədər günahsız qanı axıdılır, nə qədər insanlar həlak olur, uşaqlar yetim qalır, bir sözlə, dəhşətli faciələr baş verir! Səbəb isə birdir: dini biliyin olmaması. Çox təəssüf ki, yuxarıda sadalanan məsələlər bizim də Azərbaycanımızdan yan keçməmiş, bizim də bəzi gənclərimizə öz dırnaq-arası “töhfə”lərini vermişdir. Halbuki, elə biz özümüz artıq 3-cü onillikdir ki, müharibə şəraitində yaşayırıq, evlər atəş altındadır, şəhidlərimiz olur, anaların, bacıların, həyat yoldaşlarının, körpələrin, bir sözlə, bütün əzizlərin gözləri yaşlı qalır. O cavanlarımız bilməlidirlər ki, Allah yolunda öldürmək, qan tökmək, ancaq bir halda məqbuldur: Vətən yolunda, öz ailəsinin namusunun müdafiəsi yolunda! Uca və Sübhan Allah Qurani Kərimdə, Mai-də s. ayə 32-də buyurur: “Bir insanı nahaqdan öldürən sanki bütün bəşəriyyəti öldürüb!” Qurandan xəbəri olan gəncimiz heç bir zaman günahsız qanı axıtmaz, kiminsə qəlbini qırmaz, kiminsə narahat olmasına səbəb olmaz. Gənclərimiz əllərində olan vasitələrlə (internet, kompüter) sərbəst bir şəkildə dini mövzulara qoşulmasalar daha yaxşı olar, çünki bir çox düşüncə oğruları elə saytlarda marığa yatıb ov gözləyirlər. Biz Tərtər Cümə Məscidinin dini icması olaraq, başda axund Hacı Sadiq olmaqla cavanlarımıza bu sahədə onların marağına səbəb olan sualları cavablandırmağa hazırıq! Allah millətimizi, xalqımızı qorusun. Amin!

    Saleh Ədilov,
    Tərtər “Cümə” Məscidinin
    dini icmasının üzvü

    Müəllif: Redaktor, 13:41

    Teqlər:

İsmarıclar bağlıdır.