Rayon Gənclər Mərkəzində Yevlax Gömrük İdarəsi tərəfindən “Gömrük və gənc nəsil” mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikası Gömrük Xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə həmin idarənin əməkdaşları–Nurlan Nuruyev, Ramil Mədətov və Xətai Məmmədli iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin banisi Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən ətraflı məlumat verildi. Qeyd edildi ki, məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya standartlarına cavab verən gömrük sistemi yaradılmışdır. Daha sonra natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gömrük siyasətinin onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini bildirdilər.
Həmçinin tədbirdə Azərbaycan Gömrük Xidmətinin quru hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyatı beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı həyata keçirməsi barədə ətraflı söhbətlər aparıldı.
Tədbirin sonunda rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini–dini qurumlarla işin təşkilatçısı Elvin Umudov belə bir tədbirin Tərtərdə keçirilməsinin gənc nəslin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını bildirib.
“Yeni Tərtər”