AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDƏN HƏMYERLİMİZ
Ötən ilin Novruz bayramı günləri idi. Həmişəki kimi Tərtərin mərkəzi meydanında bayram şənliyi keçirilirdi. Şənlikdə rayon sakinləri ilə yanaşı qonaqlar da vardı. Onların arasında hündürboylu, yaraşıqlı bir qadın diqqətimi cəlb etdi. Bir azdan o, aparıcı tərəfindən şənlik iştirakçılarına təqdim olundu: Abdullayeva (Həsənova) Mehriban Surxay qızı. Onu da öyrəndik ki, Mehriban xanım Moskva şəhərində yaşayır, Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dili fənnini tədris edir. Mehriban xanım Rusiyada yaşayan həmvətənlərimiz adından tərtərliləri bayram münasibəti ilə ürəkdən təbrik etdi. Sonra şənlikdə onun atası Surxay Həsənovun sözlərinə yazılmış “Tərtərim” mahnısı səsləndi. Moskvadan gəlib tərtərlilərlə birgə Novruz bayramını qeyd etməsi də, şənlikdə rayonumuza aid mahnının səslənməsi də Vətəndən uzaqda yaşayan bu qadının sonsuz vətən sevgisinin təsdiqi idi.
Bundan sonra Mehriban xanımla daha yaxından tanış oldum. Öyrəndim ki, o, Tərtər şəhərində anadan olub. Orta təhsilinin doqquz ilini Tərtər şəhərinin 1 saylı tam orta məktəbində alıb, sonuncu bir ili isə 2 saylı orta məktəb-liseydə oxuyaraq həmin məktəbin məzunu olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (o vaxtkı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu) fəqlənmə diplomu ilə bitirib. İnstitut illərində fəal və əlaçı bir tələbə kimi müxtəlif tədbirlərdə iştirak edib. Tələbə Elmi Cəmiyyətinin üzvü, fakültə “Komsomol projektoru”nun redaksiya heyətinin üzvü olub. İnstitutun “Gənc müəllim” qəzetində şeirləri və məqalələri dərc edilib.
O, əmək fəaliyyətinə doğma Tərtərimizdə, şəhər 5 saylı tam orta məktəbdə başlayıb. Həmin dövrdə fəallığı ilə gənc müəllimlər arasında seçilib, həm də şagirdlərinin sevimlisinə çevrilib.
1986-cı ildə ailə həyatı ilə əlaqədar Mehriban xanım Moskvaya köçüb. Buradakı həyatı haqqında o, belə danışdı:
–Moskvada uzun illər uşaq bağçasında işləmişəm Azərbaycandan uzaqda yaşasam da, millətimin, vətənimin həsrəti, sevgisi məni həmişə özünə çəkib və indi də o hisslərdən ayrıla bilmirəm. Bu sevgi 2003-cü ildə məni Moskva şə-həri Mərkəzi Dairəsindəki 1331 saylı etnik-mədəni komponentli orta məktəbə gətirdi. Burada Azərbaycan bölməsi fəaliyyət göstərirdi. Bir neçə il məktəbdə Azərbaycan dili müəllimi işlədim və iş yoldaşlarımın vasitəsilə Rusiyada yaşayan azərbaycanlılarla ünsiyyət yaratdım. Diaspora həyatı ilə tanışlıq məni sanki Azərbaycana qaytardı. Hal-hazırda da Moskvada fəaliyyət göstərən bir neçə diaspor təşkilatının tədbirlərində yaxından iştirak edirəm.
2005-ci ildən Mehriban Abdullayeva Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dilini tədris edir. Azərbaycan dilinin xarici dil kimi tədrisi üzrə 12 dərs vəsaitinin, 2 lüğətin (dialektoloji və frazeoloji), Rusiyada, Ukraynada və Azərbaycanda dərc olunan xeyli sayda elmi məqalələrin, Azərbaycan dilinin praktik kursuna dair dərs proqramlarının, Yeni Dövlət Standartlarına uyğun praktik məşğələlərdə yeni pedaqoji texnologiyanın aktiv və interaktiv formalarının tətbiqinə dair bir neçə planseminarın və s. müəllifidir Ümumrusiya Universitetlərarası elmi konfranslarda çıxışlarla iştirak edib.
Mehriban xanım Bakı Slavyan Universitetində doktoranturanı bitirdikdən sonra pedaqogika üzrə fəlsəfə doktoru el-mi dərəcəyə aid “Tərcümə qeyri–Azərbaycan auditori-yasında Azərbaycan dilinin metodikasının komponenti ki-mi” mövzusunda dissertasiya müdafiə edib. Hal-hazırda Azərbaycan dili üzrə “Şifahi dil praktikası” dərs vəsaiti üzərində işləyir.
Mehriban xanımın evində daim Vətən abu-havası var. İşinin çox olmasına baxmayaraq, o, milli xörəklərimizi hazırlamağı sevir, xüsusən bayramlarda Azərbaycan şirniyyatları daim süfrələrinin bəzəyi olur. Evdə Azərbaycan musiqisi səslənir, adət-ənənələrin gözlənilməsi isə öz yerində. Mehriban xanımın bir oğlu var. Moskva Dövlət Texniki Universitetini bitirib. Moskvada Kredit Avropa Bank sistemində çalışır. Həmçinin burada çıxan “Afica” jurnalının, “Afica.ru” saytının musiqi bölməsində məqalələrlə çıxış edir, müxtəlif musiqi alətlərində çalmağı bacarır. O, öz doğma Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini mükəmməl bilir, türk dilində danışır. Rus və ingilis dillərində bloq aparıcısıdır.
Bu ailə Moskva şəhərində doğma Azərbaycanımızı layiqincə təmsil edir.
Svetlana Bağırova