Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Yan

    “VƏTƏN ELƏ EVİMİZDƏN BAŞLAYIR…”

    Изображение 008Qarabağ müharibəsi əlili Saleh Sultani əlillərə göstərilən qayğı ilə əlaqədar redaksiyaya dəvət olunmuşdu. Belə qərara gəldim ki, onun xatirələrini dinləyib bir yazı hazırlayım. Məlumdur ki, ötüb keçən hər gün ömrümüzün yaddaşı, tariximizin səhifəsidir. Elə bir insan yoxdur ki, onun ömür kitabına ağlı-qaralı sətirlər düşməmiş olsun. Saleh Sultani də belə insanlardandır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün müharibə iştirakçıları kimi o da qanlı-qadalı günləri həyəcansız xatırlamır. Saleh Sultaninin dediklərindən:
    –1992-ci il elə bir iliydi ki, ölkəmizin, eləcə də bizim rayonumuzun üzərində qara buludlar toplaşmışdı. Məlumdur ki, ermənilərin iki addımlığındaydı Tərtər. O günlərdə nəinki kişilər, hətta qadınlar, uşaqlar öz evlərini tərk etmirdilər. Tərtərin əli silah tutan kişiləri kimi mən də vətənin müdafiəsinə qoşulmuşdum. Kimin gücü nəyə çatırdısa onu edirdi ki, təki o murdarların ayağı bizim torpaqlarımıza dəyməsin. 1992-ci ilin mayından “Tərtər özünümüdafiə Batalyonuna” üzv yazıldım. Marquşevan, Madagiz, Çaylı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci il iyun ayının 21-də Madagiz uğrunda gedən döyüşlərdə sağ budumdan ilk güllə yarası aldım. Onbeşiyirmi gün müalicə götürdükdən sonra yenidən döyüşlərə qatıldım.
    Batalyonumuzda Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov və Vəzir Orucov kimi mərd komandirlərimiz, həm də döyüşçülərimiz varıydı. Batalyondakı bütün tərtərlilər döyüşə onlarla birlikdə gedirdilər, özü də çox böyük ruh yüksəkliyi varıydı hər bir döyüşçüdə. Marquşevanı ermənilərdən təmizləmək ən ağır döyüşlərdən biri idi. Ora girmək çətin idi. Elman Hüseynovun verdiyi koordinatla Çaylı kəndi istiqamətindən hücuma başladıq və erməniləri güllə yağışına tutduq, istədiyimiz nəticəni ala bildik. Çox uğurlu əməliyyat alınmışdı. Hər əməliyyata döyüş dostum tərtərli Habil Əliyevlə birlikdə gedirdik. Qorxmaz oğlanıydı.
    Həmin ilin avqust ayında Çardaxlı kəndi uğrunda gedən savaşda sağ qolumdan ikinci dəfə ağır qəlpə yarası aldım. İki ay Bakı şəhərində respublika xəstəxanasında müalicə götürdükdən sonra yenidən batalyona qayıtdım. O zamanlar yaxşı xidmətimə görə mənə gizir rütbəsi verildi və məni maddi təminat taqımına komandir təyin etdilər.
    O vaxtdan 1996-cı ilin oktyabr ayına kimi həmin vəzifədə xidmət etdim. Hərbi hissənin bütün əsgərlərini vaxtında keyfiyyətli ərzaqla təmin etməyə çalışdım. Yaralarım məni incitdiyi üçün 1996-cı ilin oktyabrından batalyondan təxris olundum.
    Döyüş günləri yaddaşlardan silinməyən xatirələrə dönüb. Həmin günləri xatırladıqca o mənfurlara nifrətimiz daha da artır, torpaqlarımızın geri qaytarılması hər bir keçmiş döyüşçünü həmişə düşündürür. İnanıram ki, sülh yolu ilə olmasa da ordumuzun gücü ilə işğal altındakı torpaqlarımız geri qaytarılacaqdır.
    Onu deyim ki, bizim ölkəmizdə dövlətimiz tərəfindən Qarabağ müharibəsi əlilləri heç zaman yaddan çıxmır, unudulmur. Hökumətimizin qayğısını həmişə üzərimizdə hiss edirik. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə tikilmiş evlərdən biri də mənə verilib. Əlillər üçün nəzərdə tutulmuş minik maşını da almı-şam. Sağlamlığımla əlaqədar Qəbələdə, Mərdəkanda sanatoriyalarda müalicə olunmuşam. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsi tərəfindən şəhərdə yaşayan əlillərə ildə bir dəfə 300 kq taxıl paylanılır. Bütün bunlara görə Prezidentimiz İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
    Saleh Sultaninin 3 övladı 6 nəvəsi var. O, bir döyüşçü kimi nəvələrinə Qarabağ müharibəsindən danışır. Hələ kiçik yaşlarından nəvələrinə ermənilərin xəyanətkar bir xalq olduqlarını aşılayır, zaman-zaman bizim torpaqlarımıza göz dikdiklərini söyləyir.
    Elə vətənpərvərlik hissini də uşaqlarımıza hələ kiçik yaşlarından aşılamalıyıq. Uşaq bilməlidir ki, Vətən elə onun yaşadığı evdən başlayır, –deyir.
    Onun sözlərində bir həqiqət var. Bu gün evinin, ailəsinin, qonşusunun qədrini bilməyən kəs vətəninin, onun torpaqlarının qədrini bilməz. Saleh kimi oğullarımız vətən üçün canlarından keçdilər, əlil, şəhid oldular. Bununla elobalarına başucalığı gətirdilər. Belə oğullarımızla Vətənimiz fəxr edir.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 14:41

    Teqlər:

İsmarıclar bağlıdır.