1851-ci il avqustun 12-də amerikalı mühəndis-sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Bu tikiş maşınları tezliklə populyarlaşdı və dünya şöhrəti qazandı. Onun satışa çıxarılan ilk nümunəsi 100 dollar dəyərləndirildi, lakin o dövrdə çox az adam tikiş maşınını faydalı hesab edirdi, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əmək daha əlverişli idi.
İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. O, tikiş maşınının ehtiyat hissələrini ayrılıqda satışa buraxdı. Bunun sayəsində tikiş maşını ev şəraitində təmir olunurdu.
“Zinger” şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr var. Bəziləri deyirlər ki, qədim “Zinger” tikiş maşınları qiymətli metallardan hazırlanıb. Ən məhşur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal polladium olması haqqındadır. Hətta bu əfsanələrə inanan “Zinger ovçuları” cinayət də törədiblər. Onlar üzərinə qapını açan qadını evindəcə qətlə yetirib, “Zinger” tikiş maşınını oğurlayıblar. Polislər görüblər ki, evdən yalnız tikiş maşını oğurlanıb.
Digər əfsanəyə görə 1998-ci ildə “Zinger” kampaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan edib. Guya, həmin seriyalı maşınlar keçmiş Sovet ölkələrindədir.
Daha bir əfsanəyə görə 300 ədəd “Zinger” tikiş maşını təmamilə qızıldandır. Rusiyada inqilabdan sonra varlılar sürətlə Avropaya köç edirdilər, sərhəddən isə yalnız məişət avadanlıqlarını keçirməyə icazə verildi. Varlılar öz qızıllarını xilas etmək üçün həmin qızılı “Zinger” tikiş maşını formasında əridib qara rəngə boyamış və ölkədən çıxara bilmişlər.
2009-cu ildə Səudiyyə Ərəbistanında yeni əfsanə peyda oldu. Guya qədim “Zinger” tikiş maşınlarının iynələrində əfsanəvi maddə “qırmızı civə” var. Bu maddənin kiçik bir hissəsi 2-3 milyon dollar dəyərindədir.
-
25Yan
Müəllif: Redaktor, 14:29
Teqlər: Digər