“BİTMƏYƏN MÜHARİBƏNİN QƏHRƏMANLARI” FİLMİNİN SONU TƏRTƏRDƏ ÇƏKİLDİ
Rayonumuzdakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Mlli Qəhrəmanı Murad Mirzəverin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəhrəmanın atası Telman Mirzəyev, Naxçıvancki adına hərbi liseydə onunla birlikdə təhsil almış dostları, döyüş yoldaşları, Tərtər rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak ediblər.
Rayon icra hakimiyyəti aparatının mümayəndəsi Zabil Paşayev tədbiri açaraq Murad Mirzəyevin nəsillərə nümunə olan ömür yolundan, Vətənə sonsuz məhəbbətindən danışıb. Qeyd edib ki, hazırda igid döyüşçü haqqında “Bitməyən müharibənin qəhrəmanları” sənədli filmi çəkilir.
Sonra tədbir iştirakçıları həyəcan və ehtiram hissi ilə qəhrəmanın atasını dinləyiblər. “Muradın qəlbində olan Vətən sevgisi onu xalqın övladına çevirib” deyən ata şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının heç zaman unudulmaması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə və xalqımıza, o cümlədən qəhrəman tərtərlilərə minnətdarlığını bildirib.
1991-ci ildən gələcəyin qəhrəmanı ilə tanış olan, onunla eyni kursda oxuyan Nazir Hətəmov deyib:
–Mən Muradla fəxr edir, Vətən üçün belə övlad tərbiyə edən valideynlər qarşısında baş əyirəm.
Əminəm ki, Muradın dostları onun yarımçıq qalmış arzularını başa çatdıracaqlar.
Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Laçın rayonundan məçburi köçkün Əkbər Hətəmov, qəhrəmanın kursant yoldaşı Ramil İsayev, hərbçi dostu Xaqani Şəmsiyev, onu yaxından tanıyan Raqub İsayev, Qarabağ müharibəsi veteranları Nizami Heydərov və Suliddin Yusibov çıxış ediblər.
“Yeni Tərtər”