ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
Tərtər rayon İHB-nın Söylən kəndi üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədəki illik hesabat yığıncağında məruzə ilə çıxış edən kənd icra nümayəndəsi Mətləb Əsədov bildirdi ki nümayəndəliyimiz üç kəndi–Söylən, Alışarlı və Hacallı kəndlərini əhatə edir. Ərazi 400 hektardır. Bunun 350 hektarı əkinə yararlı torpaq sahəsi kimi kənd sakinlərinə paylanıb. Bələdiyyənin ehtiyat fondunda 6,5 hektar, inkişaf perspektiv fondunda 2 hektar torpaq sahəsi var.
Ərazidə 47 qaçqın-köçkün ailəsi məskunlaşıb.
Söylən kənd İƏD üzrə nümayəndəliyin Söylən Bələdiyyəsi ilə birlikdə tərtib etdikləri tədbirlər planında əsasən kəndarası yolların, qəbiristanlığa gedən yolun təmiri, kəndə gələn baş və köməkçi arxların təmiri, əhalinin elektrik enerjisinə tələbatının təmin edilməsi, yol kənarlarına ağac əkilməsi, 1 ədəd subartezian quyusunun qazılması və bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.
Bunların hamısı yerinə yetirilib. Alışarlı kəndində 1500 metr, Hacallı kəndində 1000 metr kəndarası yollara qum, çınqıl döşənmiş, kəndə gələn magistral yolun kənarına 250 ədəd ağac əkilmiş, arxların 3 min metri təmizlənmişdir.
Bütün bunlara baxmayaraq, işimizdə hələ də nöqsan və çatışmazlıqlar var. Hələ də daxili imkanlar səfərbər edilməmişdir,
2017-ci ildə qarşıda görüləsi işlər çoxdur. Alışarlı kəndində suvarma üçün 1 ədəd subartezian quyusunun qazılmasına, köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac var.
Hesabat yığıncağında Söylən Bələdiyyəsinin sədri Asif Əliyev, kənd tam orta məktəbinin direktoru Akif Xəlilov, həkim məntəqəsinin işçisi Mehriban Ocaqverdiyeva, uşaq bağçasının işçisi Esmira Məmmədova, kənd ağsaqqalı Əlövsət Səfərov çıxış etdilər.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov iştirak etdi.
“Yeni Tərtər”