Mayın 10-da rayonumuzun Mərkəzi Meydanı başdan-başa gül-çiçəklə bəzədilmişdir. Meydana insan axınının ardı-arası kəsilmirdi. Bu böyük el məhəbbətinin şahidi olduqca düşünürsən ki, tarixdə izi olan böyük şəxsiyyətlər insan ömrünün zaman adlı sədlərini dəf edərək əbədiyaşarlıq hüququ qazanırlar.
Rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, qocalar və uşaqlar, bir sözlə, hər bir tərtərli Ulu Öndərin meydandakı əzəmətli abidəsi önündən keçərək, ona ehtiramını bildirirdi.
Rayonun yaşlı nəslinin nümayəndələri hələ sovet dövründə Heydər Əliyevin rayonumuz üçün gördüyü işləri yaxşı xatırlayırlar. Həmin dövrdə rayonumuzda geniş tikinti işləri aparılmış, qazanılmış sosial-iqtisadi uğurlar nəticəsində insanların yaşayışında köklü dəyişikliklər baş vermişdi.
Müstəqilliyimizin bərpasından sonrakı ilk illər isə tərtərlilərin yaddaşında xaos, anarxiya, böhranın dərinləşdiyi, müharibənin tüğyan etdiyi bir dövr kimi qalmışdır. 1991-1993-cü illərdə ən ağır günlərini yaşamış Azərbaycan xalqı, o cümlədən tərtərlilər məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bugünkü xoşbəxtliyinə qovuşmuşdur.
Ulu Öndərin anadan olduğu günün ikinci yarısında şəhərimizdəki Heydər Parkında tərtərlilər möhtəşəm “Gül sərgisi”nə tamaşa etdilər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Dəyirmi masa” keçirildi.
Axşam isə respublikamızın və rayonumuzun istedadlı incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu. Konsert başa çatdıqdan sonra səmamız al-əlvan rənglərə büründü, hamı heyranlıqla atəşfəşanlığı seyr etdi.
Beləliklə də nəcib əməlləri ilə xalqın qəlbində əbədi yaşayan insanın xatirəsi Tərtərdə böyük hörmətlə yad olundu.
-
15May
Müəllif: Redaktor, 14:38
Teqlər: Tərtər ŞİH-də