2016-cı il artıq tarixə qovuşdu. Ötən il–bütün sahələrdə uğur qazanıldı. Ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək barədə verdiyi sərəncamlar– xüsusən kənd təsərrüfatında pambıqçılığın, baramaçılığın, üzümçülüyün inkişaf etdirilməsi barədəki göstərişləri bütün ölkədə olduğu kimi bizim Tərtər rayonunda da böyük həvəslə yerinə yetirilir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin ötən il xanımı Mehriban Əliyeva ilə birlikdə 2 dəfə rayonumuza səfəri, burada görülən tikinti, quruculuq, abadlıq işlərindən razı qalması hər bir Tərtər sakini kimi bizim kollektivin də ürəyincə oldu. Bunlarla yanaşı erməni qəsbkarları tərəfindən Sərsəng Su Dəryaçasından gələn suyun qarşısını kəsmələri biz subartezian quyuları istismarı idarəsinin də işlərini xeyli artırır. Buna görə də daim çalışırıq ki, mövcud subartezian quyularının gücündən səmərəli istifadə edək. Rayonumuzun əhalisi əsasən bitkiçilik və heyvandarlıqla məşğul olur. Ümumiyyətlə, hər hansı sahə olursa olsun, onun inkişaf etdirilməsi üçün su vacib amildir.
Kollektivimiz yola saldığımız 2016-cı ili yaddaqalan göstəricilərlə başa vurdu. İşçilərimiz rayon ərazisində yerləşən və idarənin balansında olan 469 ədəd subartezian quyusunun istismarı ilə məşğul olur. Bunlardan 462 ədədi hazırda saz və işlək vəziyyətdədir. Qalan 6 ədəd quyunun yenidən bərpaya ehtiyacı var.
Ötən 2016-cı il ərzində 240 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunaraq işə salınmış, 42 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunmuşdur.
Subartezian quyularının altında yerləşən 15 min 750 hektar əkin sahəsinin suvarılması üçün 118 milyon 242 min kubmetr və əhalinin kommunal-məişət xidmətləri üçün 27 milyon 186 min kubmetr su çıxarılmış, bunun üçün 57 milyon 403 min kilovat/saat enerji işlədilmişdir.
Quyularda enerji sərfiyyatının dəqiq aparılması üçün bütün subartezian quyularında sayğaclar quraşdırılmış və işlədilmiş, enerjinin dəyərinin ödənilməsi sayğacların göstəriciləri üzrə aparılmışdır.
Susuzluqdan zərər çəkən ərazilərin su təminatının yaxşılaşdırılması məqsədi ilə rayonun Borsunlu, Sarov, Xoruzlu, Qaradağlı, Balakəngərli, Hacıqərvənd, Hüləbətlı (2 ədəd), Düyərli, Ələsgərli, İsmayılbəyli, Köçərli, Azadqaraqoyunlu və Hüsənli kəndlərində qazılmış 14 ədəd yeni subartezian quyuları ötən ildə idarənin balansına götürülmüş və su istifadəçilərinin ixtiyarına verilmişdir.
Cari ildə rayonun təsərrüfatlarında əkin sahələrinin suvarmaya olan ehtiyacını ödəmək məqsədilə daha 15 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Həmin quyularda qazma işləri başa çatdırılmış, son tamamlama işləri görülür. Bundan başqa 7 ədəd subar-tezian quyusu yenidən təmir-bərpa olunaraq işə salınmışdır.
Sonda bir daha qeyd etmək istəyirəm ki, su həyatdır. Buna görə də kollektivi-miz çalışır ki, subartezian quyularımız daim saz və işlək vəziyyətdə olsun.
Əli Əliyev,
Tərtər SQİİ-nin rəisi