Həmin il mən 6-cı sinifdə oxuyurdum. Hamı kimi bizim ailədə də adi günlərdən biri idi. Şam yeməyindən sonra oturub televizora baxırdıq. Birdən bütün kanallarda yayım dayandı, işıqlar söndü. Nə baş verdiyini heç birimiz anlamadıq. Əlbəttə, həmin dövrdə mənim yaşım heç imkan vermirdi nə baş verdiyini anlayım. Amma atamla anamın təlaşı, bir-birinə qorxu, həyəcan dolu baxışları, heç də xeyirdən xəbər vermirdi.
Onsuz da həmin dövrlərdə ölkədəki qeyri-sabit vəziyyət, xalq arasındakı ümidsizlik, çaşqınlıq artıq nədənsə xəbər verirdi, sanki təhlükə dalğası gəlirdi.
Səhər anamın ağlamaq səsinə yuxudan oyandım. Xalamla nədənsə danışır və ağlayırdılar. Səssizcə onlara yaxınlaşdım. Anam hıçqırığını boğa-boğa–“gecə bütün Bakını qırıblar, tankın, avtomatın qabağına veriblər, qırıblar milləti. Qırıblar, hələ də qırırlar, qanını içirlər qaniçənlər” –deyirdi
Televiziyanın enerji blokunun partladılması, meydanlara axışan xalq kütləsinin gülləbaran edilməsi xəbəri ildırım sürəti ilə yayıldı. Heç kim Bakıdakı vəziyyətdən tam xəbərdar deyildi, göz yaşı, təlaş, qorxu, nifrət və ən əsası–dərin bir sükut.
Heç kim bir-biri ilə danışmırdı, ürəkləri suallar didib-parçalayırdı. Təkcə “Azadlıq” radiosunun verdiyi qısa xəbərlər və mübarizəyə, azadlığa çağıran üsyankar şeirlər…
Indi də qulağımda bu sözlər səslənir: “Yadlar sənə dağ çəkdi, bölündün ana yurdum”…
Sanki həyat dayanmışdı. Bizi qarşıda nə gözlədiyini heç kim bilmirdi. Heç kimin əli heç yerə çatmırdı. Sadəcə gözləyirdik.
Camaat məlumatsız, xəbərsiz çılğına, dəliyə dönmüşdü. Axı, nə baş verirdi?! Heç kim inana bilmirdi, inana bilmirdi ki, güvəndikləri, “böyük qardaş”ları silahı nə vaxtsa onlara tuşlayacaq. Xalq arasında da söz-söhbət gəzirdi: “Meyitləri dənizə tökürlər ki, izi, sayı itirsinlər”. “Yaralıları götürməyə imkan vermirlər”. “Həkimləri, təcili yardım maşınlarını, günahsız körpələri gülləbaran edirlər”.
Bunların həqiqət olduğuna heç kim inanmaq istəmirdi; “şayiədir”–deyirdilər. Çünki inanmışdılar, güvənmişdilər o orduya –“böyük qardaşa”.
Məktəblərdə də dərslər sönük, boş keçirdi. Davamiyyət pis, müəllimlər susqun və çaşqın.
Məktəbə gəldim. Dəhlizdə, müəllim otağı ilə üzbəüz qalaq-qalaq yığılmış qərənfillər, bir guşədə qara lentlə bağlanmış bir şəkil gördüm. Altından yazılmışdı:
“Yanvarın 19-dan 20-nə keçən gecə azadlıq uğrunda mübarizəyə qalxaraq qəhrəmancasına şəhid olmuş Kazımov Əflatun Həşim oğlu.
Allah rəhmət eləsin!”
Sonradan eşitdim ki, Lənkəran rayonunun Girdəni kənd sakini–məktəbin məzunu olmuş Əflatun Kazımov da həmin gecə sinəsini sipər etmiş əliyalın azadlıq carçıları içində olmuş və amansızcasına qatil gülləsinə tuş gəlmişdir. Onu da öyrəndim ki, özündən sonra gözüyaşlı 4 yetim bala, çarəsiz bir həyat yoldaşı qoyub getdi. O müdhiş gecə, sanki neçə zaman yığılmış azadlıq eşqini daha da alovlandırmışdı, insanlarda cəsarət, qorxmazlıq hissini daha da gücləndirmişdi. Odur ki, Əflatun da 4 balasını deyil, ancaq və ancaq vətənini, azadlığı bayraq tutaraq sinəsini düşmən gülləsinə qalxan etmişdi.
Qabaqcadan düşünülmüş qırğın planından xalq xəbərsiz idi. Belə ki, yanvar ayının 15-dən sonra rəhbər işçilər öz ailələrini Bakıdan köçürür, xəstəxanaları boşaldırdılar, qırğın planını həyata keçirmək üçün tədarük görürdülər.
Bu zaman Azərbaycanın vətənpərvər oğlu, qəlbi milləti üçün döyünən, amalı, məqsədi, məramı xalqının xoşbəxtliyi olan Heydər Əliyev də hadisələri soyuqqanlı izləyə bilmədi. Öz etirazını Kommunist Partiyasından rəsmi şəkildə imtina etməsi ilə bildirdi.
Azadlıq sözünü 20 Yanvar şəhidləri öz qanları ilə yazdılar, əbədiyyətə qovuşdular, and yerinə çevrildilər, müqəddəs and yerinə.
Bu hadisə Bakıdan start götürüb bir neçə şəhərdə də amansızcasına həyata keçirildi. Təkcə Bakı şəhərində 136 nəfərdən çox şəhid verdik. Bu şəhidlərimiz içərisində dastana çevrilmiş həyat tarixçəsi olan nakam aşiqlərimiz də oldu: “İlham və Fərizə”.
Fikrimi Ulu Öndər Heydər Əliyevin bir kəlamı ilə davam etdirmək istərdim:
“Vətənpərvərlik böyük bir məhfumdur. Bu, sadəcə olaraq xidmət etmək deyil, vətəninə sadiq olmaqdır, vətənini sevmək, torpağa bağlı olmaq–budur vətənpərvərlik”.
Bu hadisələrdən artıq 27 il keçir.
27 il. El arasında buna “Bir igidin ömrü” deyirlər.
Bəli, əsrlər, qərinələr keçsə də yaramız təzə qalacaq. Lakin təsəllimiz də var. Təsəllimiz azadlığımızdır. Qan bahasına alınan azadlıq.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
Şəhidlər, rahat uyuyun, siz həyatınız qarşılığında azadlıq qazandınız, bu azadlıq əbədidir, daimidir, sonsuzdur.
Allah sizə rəhmət eləsin!
Vəfa Fəttayeva,
Seydimli kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi