Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Yan

    13Ana dilim! Doğma Azərbaycan dilim. Anamın mənə layla dediyi, ahıl nənəmin nağıl söylədiyi dil! Vətənim Azərbaycan, anam Azərbaycan, dilim Azərbaycan.
    Haradır Azərbaycan?! Odlar ölkəsi Azərbaycan! Qoy bunu Səməd Vurğun desin:
    Min Qazaxdan köhlən ata
    Yalmanına yata-yata
    At qan tərə bata-bata
    Göy yaylaqlar belinə qalx
    Kəpəz dağdan Göy gölə bax.
    Ölkəni ölkə edən, yurdu yurd edən onun daxili zənginliyi, ən əsas isə onun dilidir. Dil fikrin, qəlbin ən incə, ən dərin hisslərini ifadə edir. Hər kəsin öz ölkəsinə olan məhəbbəti, öz doğma dilinə olan məhəbbətdən ayrılmazdır. Dilə ancaq onu dərindən öyrənməklə yiyələnmək olar. Buna görə də onu həyatımızın sonuna qədər fasiləsiz olaraq öyrənməliyik. İnsanın bütün həyatı dillə bağlıdır. Çünki dil insanın dünyaya gəldiyi ilk gündən insanın canına, qanına, beyninə və ürəyinə ana südü, ana laylası ilə daxil olur. Ona görə də təsadüfi deyil ki, uşaqların dil açarkən dediyi ilk söz “ana” sözüdür. Yer üzərində yaşayan hər bir insan ana ilə vətən sözlərini birgə işlədir.
    Ana dili həm də vətən rəmzidir.
    Dilimizdə Göy göl gözəlliyi, Şah dağ əzəməti, yurd-yuva məhəbbəti, el-oba qeyrəti, əyilməzliyi mövcuddur.
    Mənim dilim poeziya dilidir, şeir dilidir. Heç təsadüfü deyil ki, Nəsiminin, Füzulinin, Vurğunun hər kəlməsi, alov püskürən misraları, Vaqifin gözəlləri vəsf edən qoşmaları, şirin şəkər qəzəlləri, Yanıq Kərəmin sədaları məhz bu dildə yaranmış, köklənmişdir.
    Azı minillik tarixi olan dağ şəlaləsi kimi saf, billur ana dilimiz xalqımızın folkloru ilə yoğrulmuş təfəkkür süzgəcimizdən keçib cilalanmışdır. Bu gün də şirin laylalardan, tutumlu, dəyərli atalar sözlərinə, nağıllara, əfsanələrə, dillər əzbəri dastanlarımızacan cilid-cilid kitablara sığmayan sözlərimiz bütün məna çalarları ilə yaddaşlara köçüb yaşamış və yaşamaqdadır.
    Mənim dilim ildırımdan ovxarlı
    Misri qılınc kəsərində bir silah.
    Yaranmışdan bir məbəddi vüqarlı
    Mənim dilim millətimə qibləgah.
    Dahi rus pedaqoqu Uşinski demişdir ki, bir xalqın malını, dövlətini, hətta vətənini əlindən alsan, o xalq yenə də yaşayacaq, ancaq o xalqın dilini əlindən alsan, o tamamilə itib-batar və ondan heç bir nişanə qalmaz. Neçə əsrlər boyu dilimizi bizim əlimizdən alıb, beynimizdən çıxarmaq istəsələr də, bunu bacarmayıblar. Ona görə də dilimizin kökü dərin və zəngindir. Millət, xalq dilimizi daim qoruyub, yaşadıb, ululaşdırıb, müqəddəsləşdirib. Odlar yurdunun polad biləkli, düşmənə qarşı gözlərindən nifrət qığılcımları parladan oğulları buna yol verməyib və verməyəcəklər.
    Bu dilin saflığı, təmizliyi, yad təsirlərdən qorunması uğrunda ömrü boyu mübarizə aparmış ulu şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi:
    Bu dildədir yüz abidə, min abidə Xilafəti parçalayan Babəkimin qəzəbi də.
    …Zamandan-zamana, əsrdən-əsrə Vuruşla yol gələn davalı dilim, Babək qılıncının davamı dilim!
    Biz bu dil vasitəsilə müstəqil dövlətlər birliyinə çıxmışıq. Və bu dil ilə indi Azərbaycanı bütün dünya tanıyır. Konstitusiyamızın 21-ci maddəsinə əsasən 2002-ci il 30 sentyabrda “Dövlət dili haqqında” qanun qəbul edilmişdir.

    Hicran Dəmirova,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 15:02

    Teqlər:

İsmarıclar bağlıdır.