Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri, qubernatorun millətlərarası münasibətlər üzrə köməkçisi Nazir Hətəmov 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününü doğma kəndi Qaradağlıda qeyd edib. Həmin gün Nazir Hətəmov, onun dostları Fəxrəddin Alıyev və Elman İlyasov, anası Fatma xanım, qohumları Fitat Əliyeva, Saday Mehdiyev və Hümbət Ələsgərov, “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova Qaradağlı və Qapanlı kəndlərinin birgə qəbiristanlığını ziyarət edib, buradakı şəhid məzarları önündə dualar oxuyublar.
Sonra onlar erməni əsirliyində olan Qapanlı kənd sakini Şahbaz Quliyevin anasını ziyarət ediblər. Belə əziz gündə onu yad etdiklərinə görə Sənəm ana qonaqlara təşəkkürünü bildirib.
Həmin gün Nazir Hətəmov sevimli müəllimi, Qaradağlı və Qapanlı kəndlərinin bir neçə nəsl gənclərinin formalaşmasında böyük zəhməti olan Famil Quliyevlə də görüşüb, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə onu təbrik edib.
“Yeni Tərtər”