Respublikamız müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı geniş inkişaf etməkdədir. Torpaqlarımızın paylanması bu inkişafı daha da sürətləndirdi. Başqa sahələrlə bərabər dənli taxıl bitkilərinin də kənd təsərrüfatında əvəzolunmaz rolu vardır. Son illərdə Dünya inkişaf Bankının Azərbaycanın kənd təsərrüfatına qoyduğu investisiyalar nəticəsində taxılçılığın inkişaf etdirilməsinə əlverişli şərait yaranmışdır. Taxılçılığın inkişaf etdirilməsi üçün dənli taxıl bitkilərinin yeni, intensiv tipli sortların yaradılması da əsas amillərdən biridir.
Bu işdə seleksiya və seleksiyaçıların əvəzedilməz rolu vardır.
Seleksiya yeni heyvan və bitki növlərinin yaradılaraq kənd təsərrüfatına tətbiqini həyata keçirir. Seleksiya bitki və heyvanların genetik tərkibini insanların tələbatına uyğun dəyişmək üçün inkişaf istiqamətlərini hazırlayır. Bu proses təbiətdə növlərinin təkamülü kimi eyni qanunlara tabe olan təkamül formasıdır, lakin təbii seçmə qismən süni seçim ilə əvəz olunur. Seleksiya dünya əhalisinin qida təminatında mühüm rol oynayır.
Yeni məhsuldar bitki növlərinin və heyvan cinslərinin yaradılması kənd təsərrüfatında və sənayedə istehsalın artmasını və inkişafını təmin edən əsas faktorlara çevrilmişdir. Məsələn, yatmaya davamlı sortların yaradılması, texniki yığıma uyğunlaşmış pomidor sortları, istixanalarda yetişdirilmək üçün yaradılmış meyvə və tərəvəz sortları kənd təsərrüfatının mexanikləşdirilməsi üçün böyük rol oynayır. Buradan göründüyü kimi seleksiya müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Seleksiya fasiləsiz inkişaf edən bir prosesdir. Onun metodları daha məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək keyfiyyətli sortlara artan tələbatı ödəmək üçün daimi təkmilləşdirilir. Bu, həm də kənd təsərrüfatının yeni regiona və ətraf mühitə, yeni texnologiyaya uyğunlaşmasını da təmin edir. Hektardan 25-30 sentner məhsul verən “Lütenses 62”, “Tsezium 111” və “Ukrainka” sortları 1930-1940-cı illərdə keçmiş SSRi-də geniş yayılmış sortlar idi. Bu sortlar sonralar “Bezostaya 1”, “Mirinovskaya 808”, “Avrora”, “Kavkaz” və sair kimi hektardan 50-70 sentner məhsul verən sortlarla əvəz olundu.
Seleksiya kənd təsərrüfatı bitkilərinin seçilib əkilməsi və heyvanların əhliləşdirilməsi ilə başlamışdır. Bundan sonra insanlar daha yaxşı formaları seçməyə başlamışlar. Inkişaf etdikcə yaxşı formalar insanlar arasında yayılmışdır. Hətta qədimdə belə insanlar bəzi seleksiya metodlarından istifadə etmişlər. Məsələn, qədim Misir və Mesopotamiyada xırmanda süni tozlanma aparırdılar. Süni seçmə nəticəsində yaradılmış yerli sortlar geniş yayılmağa başladı. Rus kəndliləri Krımka, Belaturka, Poltavka, Garnovka adlı buğda sortları yaratdılar. Onlar çox zaman sadə yerli adlarla adlandırılırdı və yerli şəraitdə becərilmək üçün yaxşı uyğunlaşırdı.
Digər dənli taxıl bitkilərinin elmi seleksiyası Azərbaycanda 1925–ci ildən başlamışdir. Bu Gəncə təcrübə stansiyası və onun tərkibində taxılların seleksiyası bölməsi yaradıldıqdan sonra inkişaf etmişdir. 1933–cü ildə dənlitaxıl bitkilərin seleksiyası Tərtər Bölgə Təcrübə Stansiyasına köçürüldü
Ilk tədqiqatlar Tərtər BTS-da Azərbaycan seleksiyaçısı Qramaçevskinin rəhbərlriyi ilə aparılmışdır. Burada arpaların botaniki tərkibi və onların bioloji və təsərrüfat əlamətlərinə görə fərqlənən formalarının müxtəlifliyi tədqiq edilmişdir. Yerli şəraitə uyğunlaşması ilə qiymətli olan aborigen materialın toplanması və sistemləşdirilməsinə xüsusi diqqət yetirilirdi. N.İ.Vavilov (1965) dəfələrlə qeyd etmişdir ki, dünya standartlarının seleksiyaya cəlb edilməsi ilə yanaşı, təsərrüfat əhəmiyyətli əlamətlərin qiymətli genefondu olan yerli sortimentin dərindən öyrənilməsi vacibdir.
Ilkin dövrlərdə seleksiya işləri kəşfiyyat xarakterli olmuşdur. Əsas diqqət aran və dağətəyi rayonlarda yayılmış arpa və buğda sortlarının toplanması və tədqiq olunmasına yönəlmişdir. Çox qısa müddətdə ( 1926-1928) stansiyada aparılan işlər nəticəsində 1923 sortnümunə toplandı. 1929-1930-cu illərdə isə Azərbaycanın müxtəlif rayonlarından ekspedisiya nəticəsində toplanmış kolleksiya materialına artıq 4300 buğ-da və 1100 arpa sortnümunə daxil edildi. 1937–ci ildə Gədəbəy, Talış, Lacın, Kəlbəcər və Naxcıvanda aparılmış təkrar ekspedisiya nəticəsində 560 bugda, 329 arpa nümunəsi əldə edildi.
Bununla yanaşı seleksiyaçılar dünya kolleksiyasından da istifadə etmək imkanı əldə etdilər və nəticədə artıq 1941-ci ildə stansiyada tədqiqat aparan seleksiyaçılar 14800 buğda, 3200 arpa sortnümunəsindən istifadə edirdilər, hansı ki, bunun 9500–ü Azərbaycanın yerli sortları idi.
1933-cü ildən başlayaraq hibridləşmə metodundan geniş istifadə edilməyə başlandı.Yaradılmış yumşaq və bərk buğda, arpa sortları Azərbaycanın müxtəlif bölgələrində sınaqdan keçirilir və təsərrüfata tətbiq edilir. Stansiyada 1933- cü ildə Şirvandəni və Naxçıvandəni adlı iki sort ilk dəfə olaraq rayonlaşmışdır. Naxşıvandəni hətta Gürcüstan və Ermənistanda da rayonlaşdırılaraq kolxoz və sovxozlarda geniş tətbiq edilmişdir.
Bu ənənə indi də davam etməkdədir. Seleksiyaçıların qarşısında duran əsəs məsələ ildən ilə dəyişən iqlimə, ətrafdakı stress amillərinə, xəstəliklərə davamlı yüksək məhsuldar sortların yaradılmasıdır ki, bu da öz növbəsində ölkədə kənd təsərrüfatnın inkişafının təminatıdır. Yaradılan yeni sortların təsərrüfata tətbiqi ildən-ilə daha yüksək məhsul əldə etməyə imkan verir. “Murov-2”, “Şəfəq-2”, “Zirvə-85”, “Qırmızıgül-1”, Fatimə buğda sortlarını, “Qarabağ 22” və “Qarabağ-33” arpa sortlarını misal göstərmək olar.
Bununla yanaşı dövlətimizin yeni sortların yaradılması, onların tətbiqi və daha geniş yayılması üçün fermerlərə etdiyi güzəştlər bu sahədə inkişafı daha da sürətləndirir.
Həqiqət Həşimova,
Tərtər Bölgə Təcrübə Stansiaysı