Daha bir il tarixə qovuşdu. Tərtərlilər üçün bu il xüsusilə yaddaqalan oldu. Aprel ayında baş verən hadisələr bizi bir daha sınağa çəkdi. Qəhrəman Tərtərin adı planetimizin hər bir guşəsində fəxrlə səsləndi. Dünyanın sülhsevər insanları dinc əhalini artilleriya atəşinə tutan, mülki əhalinin ölümünə səbəb olan, evlərini dağıdan erməni faşistlərini növbəti dəfə pislədilər. Tərtərə ayaq basan xarici jurnalistlər hadisələrin həqiqi gedişini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq, bu əməllərin beynəlxalq hüquq normalarına, müharibənin qayda-qanunlarına zidd olduğunu təsdiqlədilər.
2016-cı il rayonumuzun tarixinə həm də quruculuq ili kimi daxil oldu. Düşmənlə üz-üzə dayanan şəhərdə görülən işlər, tikilən binalar, abadlaşan küçələr böhran içində yaşayan Ermənistan üçün həm göz dağı, həm də vurulan zərbədir.
Tərtərlilər bütün bu işləri güclü Azərbaycan Ordusuna arxalanaraq görürlər. Ötən il ordu ilə xalqın birliyi daha da möhkəmləndi.
2016-cı ili həm də bir növ “ağ qızıllı” tarlalara qayıdış ili adlandırmaq olar. Prezident İlham Əliyevin çağırışına ürəkdən cavab verən rayon sakinləri pambıq əkini sahələrini xeyli genişləndirdilər və uzun müddətdən sonra bu sahədə ilk uğurlarını qazandılar. Bu uğurların davamlı olması isə gələcəkdə kəndlilərin daha yaxşı yaşaması deməkdir.
Qarşıdan 2017-ci il gəlir. Xalqımız Yeni ili böyük ümidlərlə, arzularla qarşılayır. Arzularınız çin olsun, əziz tərtərlilər!
“Yeni Tərtər”