Y“Vətəndən uzaqda vətənlə yaşamaq biz azərbaycanlıların ən ümdə vəzifəsidir. Dünyanın harasında oluruqsa, olaq, ən önəmli vəzifəmiz Azərbaycanın və azərbaycanlıların adına layiq yaşamaqdır”.
Bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin regional bölməsinin sədri, qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi, Ümumrusiya Xalqlar Assambleyasının və Veteranlar Şurasının üzvü Nazir Hətəmov məzunu olduğu Tərtər rayonunun Qapanlı kənd tam orta məktəbində onunla keçirilən görüşdə deyib.
Cari ilin noyabr ayında Moskvada keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının iclasında çıxış edən həmyerlimiz bu fikri bir qədər də genişləndirərək söyləyib ki, diaspor üzvlərinin hər biri nəinki Azərbaycanın adına layiq yaşamalı, həm də ölkəmizin problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz köməyini göstərməlidir.
Həmin tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib. Öz çıxışında Azərbaycan Dövlətinin Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətini daim diqqət mərkəzində saxladığını bildirən Əli Həsənov deyib: “Ümummilli Liderimiz Heydər Əliyevin dəstəyi ilə qurulmuş bu təşkilata yarandığı gündən biz Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün bir resurs kimi baxırıq. Biz bu resursun imkanlarından səmərəli surətdə istifadə edirik.“Prezidentin köməkçisi qeyd edib ki, ÜAK-ın güclü bir təşkilat kimi fəaliyyət göstərməsi Azərbaycan və Rusiya dövlətlərinin marağındadır.ÜAK-ın fəal üzvlərindən olan həmyerlimiz Nazir Hətəmov təkcə 2016-cı ildə üç dəfə Azərbaycana gəlmiş və burada müxtəlif tədbirlərdə iştirak etmişdir. Belə səfərlərindən birində Nazir Hətəmov, C.Naxçıvanski adına Hərbi Liseyin 1994-cü il buraxılışı olan bir qrup zabiti və İnform.az saytının redaktoru Xalidə Xalidlə birlikdə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş və ÜAK-ın Saxalin vilayət regional bölməsi adından əklil qoymuşlar.
Məzunlar bildirmişlər ki, C.Naxçıvanski adına Hərbi Lisey Ümummilli Lider tərəfindən yaradılıb. Onlar fəxr edirlər ki, bu liseyin yetirmələridirlər və gələcəkdə də Heydər Əliyevin layiqli varisləri olacaqlar.
Sonra iştirakçılar görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin məzarlarını ziyarət etmişlər.
Aprel hadisələrindən sonra Nazir Hətəmovun təşəbbüsü ilə C.Naxçıvanski adına Hərbi Liseyin 22-ci buraxılışının məzunları Milli qəhrəmanlarımızı yad ediblər. Belə ki, onlar öncə Milli Qəhrəman Mübariz İbrahimovun və Fərid Əhmədovun məzarları önündə ehtiramlarını bildiriblər. Ardınca isə məzun hərbçilər onlarla bir yerdə təhsil almış Aprel döyüşlərində xüsusi igidlik göstərən və Ali Baş Komandan İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülən polkovnik-leytenant Murad Mirzəyevin məzarını ziyarət ediblər.
Azərbaycana hər gəlişi zamanı həmyerlimiz Nazir Hətəmovun təşəbbüsü ilə ölkəmizin müxtəlif bölgələrində “Vətən- pərvərlik” və “Prezidentimizə dəstək” adlı bir sıra tədbirlər keçirilib.
Bayramqabağı günlərdə redaksiyamız Saxalinlə həmyerlimizlə əlaqə saxlamış, Nazir Hətəmovu və Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Vilayəti üzrə regional bölməsinin bütün üzvlərini 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmiş, onlara xeyirxah işlərində yeni-yeni uğurlar arzulamışdır.
Svetlana Bağırova