Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Dek

    GƏRGİN VƏ ŞƏRƏFLİ PEŞƏ SAHİBLƏRİ

    dsc_1451dsc_1443Yeni il ərəfəsində Tərtər Rayon Dövlət Yanğından Mühafizə hissəsində olduq. Hissənin rəisi daxili xidmət polkovnik-leytenantı Mübariz Əliyevlə iş yerində görüşdük. Söhbət zamanı rəis bildirdi ki, heyətimizin tərkibində 5 yanğınsondürən maşın var. Onlardan birinin su tutumu 8 ton, birininki 6 ton, digərininki isə 5 ton, 3,3 ton və 2,5 tondur.
    Burada çalışan işçilərin sayı 50 nəfərdir. Onların 6 nəfəri zabit, qalan 44 nəfəri isə sıravidir. Sutka ərzində 14 nəfər növbə çəkir.
    Söhbətimiz zamanı hissənin rəisi Mübariz Əliyev bildirdi ki, rayonumuzun ucqar yaşayış məntəqəsi olan Bəyim-sarov kəndində 1 yanğınsöndürən maşın və 4 nəfər şəxsi heyət növbə çəkir. 6 aydan çoxdur ki, Bəyimsarov və ona yaxın olan kəndlərdə 9 yanğın hadisəsi baş verib. Qeyd edim ki, yanğın zamanı Tərtərdən həmin əraziyə yanğınsöndürən maşınlar 20-27 dəqiqəyə çatdığı halda, Bəyimsarov kəndində olan yanğınsöndürən maşın hadisə yerinə 3-5 dəqiqəyə çatır, bu da baş verən yanğının genişlənməməsinə və itkinin azalmasına səbəb olur. İl ərzində rayon ərazisində baş vermiş yanğınları hissənin kollektivi daim öz gücünə söndürüb. Heç bir rayondan əlavə qüvvə çağrılmayıb. Ancaq qonşu Bərdə, Ağdam, Yevlax və Goranboy rayonlarında baş verən yanğınların söndürülməsinə qonşu rayonlara köməyə gediblər.
    Mübariz müəllim onu da qeyd etdi ki, şəxsi heyətimiz aprel döyüşlərində baş verən yanğınların söndürülməsində də yaxından iştirak ediblər. Belə ki, erməni quldurları tərəfindən kəndlərimizə və Tərtər şəhərinə atılan mərmilər nə-ticəsində yaranan yanğınların söndürülməsində var qüvvə ilə çalışmışıq, yanğınların genişlənməsinə imkan verməmişik.
    Ümumiyyətlə, yaxşı haldır ki, son üç ildə Tərtər rayonunda ölümlə nəticələnən heç bir yanğın hadisəsi baş verməyib.
    Rəis yanğınla bağlı bir məsələyə də toxundu. Bildirdi ki, Tərtər rayonunda su qıtlığı yaşanmasa da, son vaxtlar şəhərin küçələrinə çəkilmiş su kranları gələcəkdə baş verəcək yanğınların vaxtında söndürülməsində başlıca amil olacaqdır.
    Sonda Mübariz Əliyev iftixar hissi ilə bildirdi k, Ölkə Prezidenti İlham Əliyevin 15 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tərtər Yanğından Mühafizə Hissəsinin baş çavuşu, baş yanğınsöndürən Kərimov Səməddin Manaf oğlu “Fovqəladə Hallar orqanlarında xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalla təltif olunmuşdur.
    Bundan başqa Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun imzası ilə manqa komandiri, daxili xidmət baş çavuşu Tağıyev Etibar Məzahir oğlu və baş yanğınsöndürən, daxili xidmət baş çavuşu Haqverdiyev Ziyəddin Vəliyəddin oğlu “Fəxri Fərman” la təltif olunmuşlar.
    Yeni ili hər kəs öz ailəsində, süfrə başında qarşılayacağı halda, fədakar yanğınsöndürənlərimiz iş başında, gecə növbəsində səksəkə ilə qarşılayacaqlar. Bunun eybi yoxdur, təki yanğın baş verməsin.
    Sonda Mübariz müəllim qeyd etdi ki, qəzetiniz vasitəsilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovu, Tərtər camaatını, Tərtərdə məskunlaşan qaçqın və məcburi köçkün bacı qardaşlarımızı 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə öz adımdan, həmçinin şəxsi heyətimiz adından səmimiyyətlə təbrik edirəm. Sizi əmin edirəm ki, rayon ərazisində baş verə biləcək hər hansı yanğın hadisəsinin qarşısı vaxtında alınacaqdır.

    Söhbəti yazdı:
    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 16:03

    Teqlər:

İsmarıclar bağlıdır.