Mən bizim qəhrəman Tərtərin qoynunda doğulan insanam. Bu yurdun–doğma Azərbaycanın 90 yaşlı vətəndaşıyam. Fəxr edirəm ki, məhz bu torpağın övladıyam. Azərbaycanlı olmağımla qürurlanıram. Bir də qürurlanıram ki, mənim ölkəmin Ulu Öndər Heydər Əliyev kimi bir rəhbəri olub. Onun ideyaları dünən də Azərbaycanı yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaq.
Yaxın günlərdə dahi rəhbərin anım günü idi. O, elə bir şəxsiyyətdir ki, hər an anılır. Nə qədər ki, Azərbaycan var Heydər Əliyev də yaşayacaqdır. Onun yeri ürəklərdədir. İdeyaları ruhumuza hopub, söylədikləri yaddaşlarda saxlanılır və bu günkü fəaliyyətimizin aparıcı qüvvəsi hesab olunur. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, bu xalqa özü qədər inan-dığı İlham Əliyev kimi bir varis qoyub getdi. Onun sayəsində bütün Azərbaycan inkişaf edir.
Yaşadığımız Tərtər rayonunun hər yerdə valehedici bir mənzərənin şahidi oluruq. Mən təqauddə olan bir adamam. Evdə darıxan zaman çıxıb şəhərimizi bir-iki saat gəzirəm. Aparılmış abadlıq işlərini görəndə ruhum təzələnir, sanki cavanlaşıram. Sözsüz ki, rayon rəhbərliyi camaatın güzəranının daha da firəvan olması üçün əlindən gələni edir. Bütün görülmüş işlərin başında Heydər Əliyevin ideyaları dayanır. Həqiqətən də Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsər Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tərəfindən daha da zənginləşdirilir.
Məlumdur ki, bizim rayonumuz düşmənlə təmas xəttindədir. Ermənilərin atdığı mərmilər şəhər və kəndlərimizə xeyli ziyan vurub. Aprel hadisələrindən sonra prezident və xanımının rayonumuza 2 dəfə gəlişi və hər kəslə səmimi söhbəti böyük ruh yüksəkliyi yaradıb. Hamının dilində fəxrlə səslənir ki, Ulu Öndər kimi prezident İlham Əliyev də xalqla birgədir. Başqa cür ola bilməz. Heydər Əliyev Azərbaycanın xilaskarıdırsa, İlham Əliyev yenilməz bir ordunun ağıllı, uzaqgörən komandanıdır. Belə komandanı olan bir ordu əyilməz və sarsılmaz.
Məhiyəddin Kərimov,
şəhər sakini