Heydər Əliyev Mərkəzi rayonumuzda 2012-ci il oktyabr ayından fəaliyyət göstərir. Burada Ümummilli Lider, əbədiyaşar insan Heydər Əliyevin ideyalarının təbliği, tədqiqi işi həyata keçirilir. Təşkil etdiyimiz “Dəyirmi masa” tədbirlərində dövlətə və dövlətçiliyə sədaqət, inam önə çəkilir. Vətən, vətənpərvərlik mövzuları geniş təbliğ edilir.
Milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması da fəaliyyətimizin tərkib hissəsidir. Bu müqəddəs ocaqda yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili də əbəs deyil.
Ailə kiçik dövlətdir. Onun təməli nə qədər möhkəm olarsa, ömrü də o qədər uzun olar. Belə mərasimlərin Heydər Əliyev Mərkəzində keçirilməsi ənənə halını alıb.
2016-cı il ərzində Mərkəzdə 3 nikah mərasimi təşkil edilmişdir.
Gənclər buranı ziyarət etdikləri zaman dahi şəxsiyyətin mükəmməl ailə modelini, valideynlərinə və ailə üzvlərinə olan hörmət, ehtiramın mümunəsini görürlər.
Beləcə yeni qurulacaq ailənin məsuliyyətini hiss edir, onun qorunub saxlanılması yolunda fədakar olacaqlarına söz verirlər. Sonrakı illərdə bu nikahların uğurlu olduğu özünü təsdiq edir.
Rayonumuzun nikaha hazırlaşan gənclərinə müraciət edirik. “Uğurlu nikahların sayını artırmaq üçün nikah mərasimlərinizi Heydər Əliyev Mərkəzində gerçəkləşdirin.”
Səlimə Yusibova,
Heydər Əliyev Mərkəzinin direktoru