Hər il noyabr ayında planetimizdə Ümumdünya Uşaq Günü qeyd edilir. 1954-cü ildə BMT-nin Baş Məclisi uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü qeyd etməyi bütün dünya ölkələrinə məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən, hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Uşaq hüquqlarının qorunması, onların rifah halının yaxşılaşdırılması məsələləri Heydər Əliyev Fondunun da daim məşğul olduğu məsələdir. Bu istiqamətdə işlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görülür.
Heydər Əliyev Fondu hesabına Tərtər rayonunda da bir neçə müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda isə şəhərin Nizami küçəsində inşa olunan yaraşıqlı, hər cür şəraiti olan körpələr evi-uşaq bağçası istifadəyə verilmək üzrədir. Bütün bunlar dövlətimizin öz kiçik vətəndaşlarına olan qayğısının təzahürüdür.
“Yeni Tərtər”