QÜRUR HİSSİ KEÇİRİR
Torpaqlarımızın bütövlüyü uğrunda erməni quldurlarına qarşı vuruşub sağlamlığından keçən gənclərimizindən biri də Rafiq Fərhad oğlu Ağayevdir. Rafiq Ağayev 1966-cı ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Tərtər texniki peşə məktəbində traktorçuluq peşəsinə yiyələnib. 1984-86-cı illərdə Belorusiyanın Minsk şəhərində serjant rütbəsində xidməti borcunu yerinə yetirib. 1990-cı ildə rayon polis şöbəsində polis nəfəri kimi işə qəbul olunub.
Rafiqin ilk döyüş yolu Tərtərə ən yaxın olan Marquşevan kəndindən başlayıb. Oranın erməni quldurlarından təmizlənməsində digər polis əməkdaşları ilə birlikdə döyüşlərdə yaxından iştirak edib.
O, Marquşevana ikinci həmlə zamanı baş nahiyyəsindən ağır yaralanıb. Bərdə və Bakı şəhərlərində 6 ay müalicə olunduqdan sonra 2-ci qrup əlil kimi xidmətdən azad edilib. Sonra ölkənin müxtəlif şəhərlərində müalicəsini davam etdirib. Qayıdandan sonra fərdi əməklə məşğul olur. Ailəlidir, iki övladı var. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qoşularkən başından aldığı ciddi yara onu 2-ci qrup əlil etsə də Marquşevanın erməni quldurlarından azad olunması onu daim sevindirir. Sevindirir, çünki vətən torpağının nəinki böyük bir kəndinin, eləcə də bir qarışının belə erməni dığalarından təmizlənməsi böyük şərəfdir. Buna görə də əlil olsa da, qoşulduğu mübarizədən daim qürur hissi keçirir.
Mirzə Nəsir