Yaşadığımız Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üç kəndi–Ələsgərli, Bayandur və Yenikənd kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində 3 min nəfərə yaxın əhali var. Bundan başqa, ərazidə 250 nəfər də qaçqın və məcburi köçkün məskunlaşıb. Həmin insanlar da yerli camaata qaynayıb-qarışıblar.
Kənd camaatının əsas məşğuliyyəti tingçilik (elə buna görə də rayonumuzda hamı bizim kəndləri, xüsusən də Ələsgərlini yaxşı ting becərən bir kənd kimi tanıyır), calaq-çılıq və heyvandarlıqdır. Burada torpağı sevən, ona ürəkdən bağlanan, ailəsinin dolanışıq xərclərini buradan çıxaran əmək adamları çoxdur. Bu yazımızda onlardan biri– tingçi-calaqçı Əbil Əliyevdən söhbət açacağıq. Əbil ting əkib becərməyi, sonra bunları calayıb təkcə Tərtər camaatına deyil, ölkəmizin digər regionları ilə yanaşı, Rusiya Federasiyasına, İrana, Türkiyəyə çalaq tinglər satmağı atası Məhəmməd kişidən öyrənib. Ona bu işdə ailə üzvləri ilə birlikdə kənddəki calaqçılardan Zakir Quliyev, Mövsüm Məmmədov, Brilyant Əliyeva, Məryəm Hüseynova, Lətifə Zöhrabova kömək edirlər. Hər il onlar 45-50 min ting calayıb satışa çıxarırlar. Həmin calaq sortlar─alma, armud, şaftalı, eləcə də xan çinarı, Eldar şamı, kiparis və müxtəlif gül kolları da satışa çıxarılır.
Əbilin ailə üzvləri ilə yanaşı onunla birlikdə çalışan 20 nəfərdən çox calaqçı həmin sahədən gəlir götürür, ailə-lərinin dolanışıq xərclərini təmin edirlər.
Budur, ilin payız fəsli başlayıb. Bu təsərrüfatda ting satışına hazırlıq görülür.
Kamran Əhmədov,
Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə