Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Rayon baytarlıq idarəsinin rəisi Məhərrəm Əliyevin dediyinə görə, bu məqsədlə müxtəlif üsullardan – aqrolizinq yolu ilə sahibkarlara cins mal satılmasından, süni mayalanma və hibridləşmədən istifadə olunur. Son üç ildə rayonumuza 344 baş südlük istiqamətli cins mal gətirilmiş, bunun 266 başı Bəyimsarovda Habil İbrahimovun iri fermer təsərüfatına verilmişdir. İlk vaxtlar cins inəklərin yerli şəraitə uyğunlaşmasında bəzi çətinliklər olsa da, artıq bunlar arxada qalıb. İndi ana inəklərlə yanaşı onlardan alınan balalar da yüksək süd məhsuldarlığı ilə seçilir. Həm də xaricdən gətirilən mallardan fərqli olaraq yerli şəraitdə dünyaya gələn buzovlar daha dözümlüdür. Elə bu səbəbdən də hazırda rayonda süd istehsalının böyük hissəsi cinc malların hesabına yerinə yetirilir. Heyvandarlıqda daha yüksək nəticələr əldə etməyin ikinci yolu isə süni mayalanmadır. Məhərrəm müəllim bildirdi ki, cari ilin 9 ayında rayonda 286 baş inək və düyə süni mayalanıb.
Dövlət başçısının sərəncamına əsasən süni mayalanma yolu ilə doğulan hər buzova görə vətəndaşlara 100 manat subsidiya veriləcək. Bu məqsədlə rayonda 6 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Bu iş onların nəzarəti altında aparılır.
Rayonda 6 süni mayalanma texniki fəaliyyət göstərir. Onların hamısı Göygöl rayon Damazlıq Heyvandalıq Birliyində xüsusi kurslar keçmişdir. Texniklər dövlət tərəfindən pulsuz minik vasitələri və lazımi avadanlıqlara təmin olunmuşlar. Lakin etiraf etmək lazımdır ki, Tərtər əhalisi arasında ən çox sevilən süni mayalanma texniki Malikdir. Bu isə Malikin öz işini yaxşı bilməsinin nəticəsidir. Süni mayalanma yolu ilə həm südlük, həm də ətlik istiqamətli cins mallar alınır. Bu, sahibkarın öz istəyindən, hansı cinsi seçməsindən asılıdır.
Ətlik istiqamətli cins malların alınmasının bir yolu da hibridləşmədir ki, rayonumuzda bu üsul da tətbiq edilir.
Qeyri neft sektorunun inkişaf etdirilməsinə dair dövlət başçısının tövsiyələrinə əməl edən tərtərlilər ət və süd istehsalını artırmaq üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
“Yeni Tərtər”