Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Apr

     

    Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələridir. Milli-mənəvi dəyərləri ümumbəşəri insani dəyərlərlə üst-üstə düşən xalq xoşbəxtdir. Bütün dünya xalqlarının mədəniyyətində əməksevərlik, ədalət, səxavət, mərhəmət kimi yüksək əxlaqi keyfiyyətlər tərənnüm olunur. Müdrik insanların yaratdıqları mənəvi dəyərlər xalqın mənəvi dəyərlərinin əsasını təşkil edir.Siqaret-ceken-ushaq Tarixin dərinliklərindən süzülərək saflaşan milli-mənəvi ailə dəyərlərimiz nəsildən-nəsilə ötürülərək qorunub sax- lanılır. Azərbaycan ailəsinin dəyərləri başqa xalqlara bir örnəkdir. Əsrlər boyu xalqımız ailə qurulmasını, onun möhkəm olmasını  müqəddəs hesab etmişdir. Azərbaycan ailəsinin bünövrəsini sədaqət, məhəbbət, mərhəmət, birlik, zəhmətsevərlik təşkil edir. Ulu Öndərdərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev demişdir: «Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir.16b99bc94a9a Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır  Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır»

    Cəmiyyətimizdə psixoloji sağlamlıq ailənin əsas meyarını təşkil edir. Ailənin sağlam və xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Övladlarımız dünyaya göz açdıqları gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdır. Böyüyə hörmət, mədəniyyət və bu hörmətdən yaranan davranış qaydaları ailə mənəviyyatımızın özülüdür. Xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub yaşadılması və möhkəmləndirilməsi hər bir vətəndaşımızın müqəddəs borcudur.

    Lakin gəlin düşünək görək bu dəyərlərimizi qoruyub saxlaya bilirikmi? Əlbəttə, bu bütün ailələrimizə şamil edilməsə də hər an təsadüf olunur. Böyük arzularla qurulmuş bəzi ailələr düşünmədiyimiz problemlərlə üz-üzə gəlirlər. Əksər vaxtlarda xoşa gəlməyən hallar ən imkanlı  ailələrdə baş verir. Bu problemlərdən nə ailə özü baş çıxara bilir, nə də ətraflarındakı doğmaları. Xatirimdə varı-puluyla deyil, zəhmətsevərliyi, mehribançılığı, böyüyə- kiçiyə hörməti ilə fərqlənən bir ailə yaşayır. Saf ər-arvad münasibəti olan, övladlarına təmiz ata-ana qayğısı gös-tərən, həmişə tərbiyəli olmağı aşılayan bir ailədə elə bədbəxtçiliklər baş verirdi ki, özləri məəttəl qalırdılar. Taledən yazılan qədər beləymiş, yoxsa ətrafın təsirindən yaxşını-pisi ayırd edə bilmirdilər? Yoxsa elin qınağından qaçdıqca ona doğru gedirdilər?

    Tez-tez rastlaşdığımız problemlərdən biri, mən deyərdim ki, ən başlıcası böyüməkdə olan gənc nəsildə müşahidə etdiklərimizdir. Bəzən ailələrdə, lap küçədə elə işlərlə üz-üzə gəlirik ki, ikrah hissi bizi bürüyür. Düşünürük ki, görəsən bu qıza, ya oğlana nöqsanı barədə bir söz deyib, onu başa salan yoxdurmu? Özündən böyüklərin yanında ədəb-ərkandan uzaq davranış, ağzında saqqız və ya siqaret, qulağında mobil telefon, hündürdən səs-küylə danışmaq bugünkü gənclərimizin müasir hesab etdikləri vərdişlərə çevrilib. Maraqlananda görürsən ki, həmin yeniyetmələr tərbiyəli ailənin övladıdır. Bəs nədir müasir mühitimizi korlayan, ailələrimizə ləkə gətirən?

    30-40 il bundan əvvəl uşaqlar evdə ata-ananın, məktəbdə müəllimlərin tərbiyəsi ilə böyüyürdülər. Gələcək üçün isə ya ata-ananı, ya da hansısa bir müəllimi özlərinə ideal insan seçib, ona oxşamağa çalışırdılar.

    Müasir dövrümüzdə informasiya növləri o qədər artıb ki, bu çoxluğun içərisində də baş gicəllənmələr də olur. Avropa adətləri bir tərəfdən, Şərq adətləri digər tərəfdən beynimizə daxil olaraq özümüzün dəyərli adətlərimizi unuduruq. 3-4 yaşlı uşaqdan tutmuş ta yeniyetmə gəncimizə kimi bütün günü televiziya, kompüter qarşısında əyləşərək günlərini keçirirlər. İnanıram ki, ən böyük səbəb elə buradan başlayır. Əvvəllər analarımız öz qızlarına biş-düş etməyi, ev işləri görməyi, çöl –bayırı səliqəyə salmağı öyrədirdilər. İndi isə səbirsiz analar pultu qızların əlinə verib oturdurlar ekran qarşısında. Atalarımız oğullarına kişi kimi davranmağı, kişilərə aid olan işləri görməyi öyrədirdilər, indiki yeniyetmə oğlan isə çayxanalarda internetdə yüz cür hoqqabazlıqları öyrənirlər. Hələ üstəlik də evə gələndə içkili atanın, bütün günü dava-dalaş edən ananın timsalında  alınmış tərbiyənin necəliyindən xəbər verir.

    Biz azərbaycanlıyıq. Hər kəsə nü-munə ola biləcək milli dəyərlərimiz var. Bu dəyərlərimiz ulularımızı başı uca, üzüağ edibdir. Gəlin, hamılıqla öz dəyərləriimizin qədrini bilib onları yaşatmağa calışaq. Uşaqdan-böyüyə anla- yaq ki,  həyatımıza daxil olmuş bəzi yad adətlər  virusa bənzəyir.

    Çalışmalıyıq ki, bu yoluxucu xəstəliyə çevrilməsin. Axı, biz mərd, vətənpərvər, sağlam düşüncəyə arxalanan bir xalqın vətəndaşlarıyıq.

     

     Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 08:39

    Teqlər:

İsmarıclar bağlıdır.