Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-231RƏDD CAVABI, YOXSA UĞURLARIN BAŞLANĞICI? 

    Hamımızın həyatında təsadüflər çox olub. İllər ötür, biz bu hadisələrə yaşadığımız ömrün zirvəsindən baxır və düşünürük: əgər həmin vaxt bu təsadüf baş verməsəydi, həyatım necə olardı?
    Rayon subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyevin həyatında da belə bir hadisə baş verib. O, Azərbaycan Politexnik İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib, üstəlik, hərbi xidmətini Sovet dönəmində adı çox az çəkilən Baykonur şəhərində başa vurub, baş leytenant rütbəsi almışdı.
    Hərbidə nümunəvi xidmət etdiyinə görə onu Sov.İKP sıralarına namizədliyə qəbul etmişdilər. O zamankı Politexnik İnstitutunda hərbi kafedra vardı və oğlanlara orduda xidmətlərini başa vurduqdan sonra təyinat verilirdi. Ona görə də 1972-ci ildə institutu bitirən Əli Əliyev iki il sonra təyinatını alıb, böyük bir həvəslə göndərildiyi iş yerinə–Tərtərdə yerləşən 47 nömrəli səyyar-mexanikləşdirilmiş tikinti dəstəsinə gəldi. Rəisin rədd cavabı əvvəlcə onu çaşdırdı. Necə yəni gənc mütəxəssisə iş yoxdur? Axı o, bununla bağlı nə qədər xəyallar qurmuş, hətta mühəndis kimi inşasında iştirak edəcəyi binaları fikrində canlandırmışdı.
    İndi bu barədə söhbət edərkən Əli müəllim gülümsəyərək deyir:
    –O zaman baş vermiş hadisə məni incitsə də, indi düşünürəm ki, əslində rəisin rədd cavabı mənim müvəffəqiyyətlərimin başlanğıcı oldu. Axı, həyatda heç nə təsadüfən baş vermir. Bu da mənim qismətim, alın yazım imiş.

    KOMSOMOLUN YOXLAMASI
    Əli Əliyev tikinti idarəsindən birbaşa rayon partiya komitəsinə gəldi. Burada raykomun o zamankı birinci katibi Zülfiqar Abdullayevlə görüşüb vəziyyəti ona danışdı. Gənc mütəxəssis ilk baxışdan katibə yaxşı təsir bağışladı. Qısa söhbətdən sonra isə onun potensial imkanlarına bələd olan Zülfiqar müəllim dedi:
    –Oğlum, səndən yaxşı komsomol işçisi olacaq. Hələlik gedib komsomol komitəsində təlimatçı işləyərsən. Sonrasını isə gələcək göstərəcək.
    Zülfiqar Abdullayev kadrları qiymətləndirməyi bacarırdı və Əli müəllimin əmək fəaliyyəti bunun canlı nümunəsidir. Əli müəllim etiraf edir ki, təcrübəli partiya işçisi olan Zülfiqar Ab-dullayevin iş üslubu, insanlara və qanunlara olan münasibəti, tələbkarlığı ondan ötrü bir məktəbdir. Bir-birini gözəl anlayan bu insanların səmimi münasibətləri indi də davam edir.
    Təlimatçı vəzifəsindən sonra onu rayon komsomol komitəsinin şöbə müdiri, katibi və rayon partiya komitəsinin büro üzvü seçdilər. Rayonda gənc mütəxəssisin nüfuzu getdikcə artırdı. Bununla bağlı oxucularımıza yalnız bir epizodu xatırlatmaq istəyirəm.
    –Ötən əsrin 70-ci illərinin sonu idi. Rayon partiya komitəsinə gənclər arasında cinayətkarlığın artması haqqında məlumat daxil olmuşdu. Bildirilirdi ki, o zamankı daxili işlər şöbəsinin özünün işində nöqsanlar olduğundan, bu sahədə lazımi tədbirlər görülmür.
    Bununla bağlı rayon partiya komitəsi tərəfindən komissiya yaradıldı. Komissiyanın üzvləri arasında təcrübəli partiya, sovet, digər sahələrin nümayəndələri olmasına baxmayaraq, ona rəhbərlik etmək gənc komsomol işçisinə tapşırıldı. Bu, böyük məsuliyyət, həm də böyük etimad idi.
    Əli müəllim təcrübəsindən bilirdi ki, hər bir işin açarı mütaliədədir. Hansı sahə olursa olsun, bu barədə lazımi ədəbiyyatlarla tanış olandan sonra qaranlıq məsələ qalmır. Bu dəfə də rus dilini bilməsi onun köməyinə çatdı. Ümumittifaq və respublika miqyasında hüquqa dair çıxan qəzet və jurnalları dönə-dönə oxudu, gəncləri cinayətə sövq edən səbəbləri, bununla mübarizə yollarını təhlil etdi və xüsusi tezislər hazırladı. Bu tezislər əsasında şöbədə aparılan yoxlama zamanı çox ciddi faktlar aşkar edildi. Rayon daxili işlər şöbəsində aparılan o yoxlamanın rayon ictimaiyyəti arasında yaratdığı rəy yaşlı nəslin indi də yadındadır. Komis-siyanın topladığı materiallarla tanış olan raykomun birinci katibi məsələnin büroda müzakirə edilməsini lazım bildi… Beləliklə, gənclərin cinayətə sövq edilməsinə qarşı gənclər özləri etiraz səslərini qaldırdılar…

    “QANUN ƏLİ”
    1980-82-ci illər Əli Əliyevin həyatında xüsusilə yaddaqalan olub. Bu illərdə o, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra rayon partiya komitəsində təlimatçı, Tərtərçay Hidroqovşağı İstis-marı İdarəsinin rəisi işləyib. 1987-ci ildə 35 yaşlı Əli müəllim Tərtər XDS İcraiyyə Komitəsinin sədri seçilib.
    O özü də bilmirdi ki, həmin illərdə tərtərlilər ona təxəllüs veriblər: “Qanun Əli”.
    Əli müəllimin dediklərindən:
    –XDS İcraiyyə Komitəsinin sədri işlədiyim illər idi. Respublikada genişmiqyaslı “Mənzil proqramı” yerinə yetirilirdi. O zamankı Nazirlər Kabinetinin sədri Həsən Seyidovdan xahiş etdim ki, Tərtər rayonuna da bu məqsəd üçün torpaq sahəsi ayrılsın.
    Ancaq qanuna əsasən mənzil tikintisi üçün rayonda yararsız torpaq olmalıydı. Belə torpaq isə yox idi. Ona görə də mən bu barədə məktub yazmaqdan imtina etdim. Nəhayət, istisna hal kimi əkin torpaqları hesabına Tərtər rayonuna 1000 hektar sahə ayrıldı və bu sahə də vətəndaşlara növbəlik siyahısı əsasında püşklə paylandı.

    BÖYÜK AİLƏ
    Bəli, Əli müəllim məhz belə bir ailədə doğulub. İkinci övlad olduğu üçün özündən kiçiklərin qayğısını çəkib. Onun həyatının ən işıqlı xatirələri valideynlərilə bağlıdır. Atası uzun müddət keçmiş M.F Axundov adına kolxozun sədri və mühasibi işləyib, səliqə-sahmanına, dəqiqliyinə ətraf təsərrüfatların heç bir mühasibi çata bilməyib. Bu gün də Əli müəllim əlini uzadıb öz yazı masasının üstündən səliqə ilə tərtib edilmiş hər bir sənədi götürəndə atasını, onun tövsiyələrini xatırlayır.
    Uşaqlar hər səhər yuxudan təndirdə bişən çörəyin ətri ilə oyanırdılar. Özü də bir yox, iki təndir çörək bişərdi ki, onlar doyunca yesinlər. Sonra anası iri qazanda xörək hazırlayar, kiçikləri böyüklərə tapşırar və döşdüyünü götürüb, pambıq tarlasına tələsərdi…
    Ev işləri, bağda ağaclara qulluq edilməsi, ailəyə çatacaq qə-dər tərəvəz əkini, qapıdakı mal-qaraya baxılması da bu zərif qadın çiyinlərinin üzərinə düşürdü.
    Bəs, övladların tərbiyəsi? –deyə Əli müəllimdən soruşuram.
    –Atam bizi heç zaman nə danlamaz, nə də vurmazdı. Onun özünün nümunəsi kifayət edirdi ki, hər birimiz həyatda necə yaşamaq lazım gəldiyini dərk edək.
    Anam isə… Bu qadının nəvazişi, qayğısı, məhəbbəti hər birimizə bəs edirdi. Bizə artıq sözlər, nəsihətlər lazım deyildi…

    SU TƏSƏRRÜFATI İŞÇİSİ 
    Əli Əliyevin əmək fəaliyyətinin çox hissəsi bu sahə ilə bağlıdır. O, müxtəlif illərdə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi, Mingəçevir Su Hövzəsi İstismarı Birliyinin rəisi, Bordağ Qış Otlaqlarının Suvarma Sistemlərinin İstismarı İdarəsinin rəisi işləyib. 2013-cü ildən Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin rəisidir. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə layiq görüldüyü yüksək mükafatı– “Tərəqqi” medalını başçılıq etdiyi kollektivin əməyinin nəticəsi kimi qəbul edir.
    Hazırda rayonumuzda 474 ədəd subartezian quyusu var. Cari ildə daha 15 ədəd quyunun qazılması nəzərdə tutulub və bunlardan 8-i qazılıb. Rayonumuzun 27200 hektar suvarılan sahəsinin 15700 hektarının su təminatı subartezian quyularının hesabınadır.

    SU TƏSƏRRÜFATI İŞÇİSİ 
    Əli müəllim 3 qız, 1 oğul atasıdır. Övladlarının hamısı ali təhsil alıb, ailəlidirlər. 8 nəvəsi var.
    Yay aylarında övladlar, nəvələr bir yerə toplaşanda Əli müəllim valideynlərini, özlərinin çoxuşaqlı ailəsini xatırlayır. Bir zamanlar o, kənddəki ata ocağından ayrılıb rayon mərkəzində yaşadı, gözəl ailə sahibi oldu. Uşaqlar ondan bir addım irəli gediblər. 3-ü Bakıda qalıb, böyük qızı Leyla xanım isə Bərdə Diaqnostika Mərkəzində nevropotoloq işləyir. Bəs, görəsən nəvələrin səsi haradan gələcək? O əmindir ki, harada yaşamalarından asılı olmayaraq, onlar bu ailənin ənənələrini qoruyacaqlar.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:15

    Teqlər:

İsmarıclar bağlıdır.