Yolun işıqlı olsun!
Gənclərimiz bizim sabahımız, gələcəyimiz, qürurumuz, fəxr yerimizdir. Belə gənclərimiz təkcə böyüyüb boya-başa çatdıqları ailələrə deyil, xalqımıza, dövlətimizə şərəf, şöhrət gətirir.
Belə gənclərimizdən biri rayonumuzun yetirməsi, şəhər 1 saylı tam orta məktəbin 2010-cu il buraxılışının məzunu İlahə Əmrahlıdır.
İlahə hələ orta məktəbin aşağı siniflərində oxuyarkən ailə uzvləri, xüsusilə nənəsi və babası onun gələcəyinə boyük ümidlər bəsləyirdilər. Arzular artıq həqiqətə çevrilib. İlahə bir neçə il əvvəl 536 balla Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olmuşdu. Qaynar tələbəlik illəri İlahəni özünə necə cəlb etdisə, universiteti müvəffəqiyyətlə bitirdikdən sonra İngiltərənin Kembric universitetinin bakalavrı oldu. Hazırda isə ADA universitetində təhsilin idarə edilməsi üzrə magistraturada təhsil alır. O, həmin ixtisas üzrə qəbul olunan 29 nəfərdən biridir.
İlahə təhsil aldığı universitetlərdə həm də təşkilatçılığı ilə fərqlənir. Gözəl nitq qabiliyyətinə malikdir. Bu cəhətləri onu müəllim və tələbə kollektivinə daha çox sevdirir.
Bu gənc qızın gələcək barəsində bitib-tükənməyən arzuları var. O deyir ki, Vətənimin layiqli övladı olmaq üçün gənclik dövründəki enerjimdən, gücümdən bacarıqla istifadə etməliyəm. Mənə əziyyət çəkən valideynlərimin və müəllimlərimin etimadını doğrultmalıyam. Ən başlıcası mən odlar yurdu Azərbaycanın övladıyam. Biz də bu qəlbi arzularla dolu gəncimizə uğurlar arzulayırıq.
Yolun daim işıqlı olsun, İlahə!
Elfuzə Vəliyeva