Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt

    00Professor Rasim Axundovun bu yaxınlarda çapdan çıxan “Keçmişə nəzər salanda…” kitabını mən də oxudum. Onun ailə üzvləri haqqında əvvəlcədən məlumatım vardı. Rasim müəllımin söhbətlərinə çox qulaq asmışdım. Bu da ondan irəli gəlirdi ki, ailənin sonbeşiyi olan professor Rasim müəllimlə isti münasibətim var. Kitabın ayrı-ayrı bölmələrində– “Taledən qismət”, “Ömründən nur paylayan ana”,”Atam haqqında xatirələrim”, “Ailəmiz Axundovlar soyadını daşıyanlar haqqında” və s. maraqlı materiallar və xatirələr oxucuların diqqətinə çatdırılmışdır.
    Kitabdan məlum olur ki, onlar ailədə 10 uşaq olublar. Professor bəzən zarafatla deyir ki, ailədə onuncu – sonuncu uşaq olmaq mənim qismətimə düşüb.
    Qarabağ mahalında Fərrux bəy kimi yaxşı tanınan atam və anam Maya həmişə zəhməti sevən insanlar olublar. Ona görə də ailədəki 10 uşaq—6 oğlan, 4 qızın hamısı ali təhsil alıb, özü də necə!… Oğlan uşaqlarının 5-i professor, elmlər doktoru zirvələrinə yüksəliblər.
    Ailənin başçısı Fərrux bəy həm həkim olub, həm də müəllim. Bütün günü at belində Tərtərin Azadqaraqoyunluya yaxın olan kəndlərini gəzib xəstə insanlara kömək edir, şəfa verirdi. Özü də o vaxtlar indiki kimi apteklər, dava-dərman evləri olmayıb. İstifadə elədiyi dərmanları Fərrux bəy özü bitkilərdən hazırlayırdı.
    Ailədə 10 uşağa qulluq göstərilməsi, biş-düş işləri əsasən evin xanımı Maya nənənin üzərinə düşərdi.
    Bunlar o vaxtlar olub ki, o zaman kəndlərdə nə işıq, nə qaz, nə də artezianlar var idi. Evdə qara çıraq işığına uşaqlar dərs oxuyar, yazı yazardılar. Ev işlərini çox çətinliklə də olsa yerinə yetirərdi Maya nənə.
    Ailədə böyüyən 5 elmlər doktoru olan bu qardaşların hər biri haqqında 1 əsər yazmaq olar. Nəinki bizim Tərtər rayonunda, hətta bütün Azərbaycanda o vaxtlar çoxuşaqlı ailələr olub. Amma 10 uşağın hamısının ali təhsil alması, bir ailədə 5 oğulun professor, elmlər doktoru olmasını nə eşitmişəm, nə də görmüşəm…
    Gəlin o çətin zamanlarda, böyük bir ailənin bütün ağırlığını çiyinlərində daşıyan Maya nənə ilə indiki yaşadığımız gözəl, firavan həyatdakı qadınları müqayisə edək. Hər yanda işıq, qaz, su kranları, çörək bişirmək uçün elektrik cihaz-ları, paltaryuyan maşınlar olan əsrdə yaşayan gəlinlər ailədə 2-dən artıq uşaq dünyaya gətirmirlər. Səbəbini də soruşanda cavab verirlər ki, ikisi bəsdi, çoxu da çox əziyyət tələb edir. Bir az da dərinə varanda deyirlər ki, çox uşağın olması qadının, xarici görünüşünü pozur. Belələrini görəndə Maya nənənin ruhuna dualar oxuyuruq.
    Fərrux bəyin öz ailəsi haqqında məlumatlarla yanaşı bu soyadı daşıyanlar barədə tarixi sənədlər əsasında kitabda toplanmış faktlar onu göstərir ki, hələ XIX-XX əsrlərdə Azərbaycanda elmə böyük maraq var idi və Rasim müəllimgilin ailəsindəki yüksək ziyalılıq məhz həmin təməl üzərində qurulmuşdur. Fərrux bəyin babası Nəcəf mollaxana təhsili aldığından elmə, maarifə böyük həvəs göstərmiş, övladlarına da təhsil verməyə çalışmışdır. Nəcəfin böyük oğlu Həsən də Şuşada mollaxana təhsili almış, öz işgüzarlığı, əməksevərliyi ilə el arasında rəğbət qazanmışdı. “Keçmişə nəzər salanda…” kitabını oxuyarkən daha bir yaxşı cəhət nəzərimdən yayınmadı. Kitabın sonunda dərc olunmuş müdrik kəlamlar, xalq deyimləri, faydalı məsləhətlər və hikmətli sözlər onsuz da çox maraqlı olan bu kitabı daha da oxunaqlı edir.
    Bir sözlə,“Keçmişə nəzər salanda…”kitabını oxuduqdan sonra belə qənaətə gəldim: əsl ziyalılar o insanlara deyirlər ki, vətəninə, xalqına xeyir vermiş olsunlar. Axundovlar soyadını daşıyanlar kimi.

    Əvəz Nəsirov,
    SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Mətbuat Şurasının üzvü

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.