Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi Sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olub. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi –“Əsrin müqaviləsi” imzalandı. Dünyanın ən aparıcı dövlətlərinin, ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı.. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik, Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
-
19Okt
Müəllif: Redaktor, 11:16
Teqlər: Milli-mənəvi dəyərlər