“Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi bunun, həm insanlara, həm də dövlətə böyük xeyri olacaq.”
Fikrimi cənab Prezidentimiz İlham Əliyevin Sabirabad rayonunda keçirilmiş zona müşavi-rəsindəki nitqində söylədiyi sözlərlə başlamağım təsadüfi deyildir,
Mən uşaqlığımı kənddə pambıq tarlalarında keçirmişəm. Onun becərilməsinin, yığılmasının, ailələrə gətirdiyi sevincin şahidi olmuşam. Çöllərimizin “ağ qızıl”ının evlərimizə gətirdiyi bin-bərəkətin bəhrəsini görmüşəm.
Kolxoz quruculuğu dövründə pambıqçılıq briqadiri işləyirdim. 1996-cı ildən torpaqlar paylanandan sonra fermer təsərrüfati ilə məşğul oluram. Hər il 4 hektardan yuxarı pambıq sahəsi əkib becərirəm. Doğrudur, əvvəllər bəzi çətinliklərimiz olurdu. Artıq bir neçə ildir dövlətimiz tərəfindən köməklik göstərildiyindən, bu çətinliklər arxada qalıb. Şəraitimiz üçün əlverişli olan daha məhsuldar toxum sortlarından alıb əkirik. Becərilməsində lazım olan gübrələrdən maksimum dərəcədə istifadə edirik. Yığım zamanı texnikadan lazımınca istifadə etməyə çalışırıq. Hər şeydən əvvəl pambıq əkinindən istifadə etmək kənd əhalisinin yaşam tərzinə öz müsbət nəticəsini göstərir. Ən azı 20-25 ailənin do-lanışığının normal ol-masına kömək edir.
Bu günlərdə pambıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyevin söylədiyi məqsədyönlü fikirlər biz pambıqçıları da ruhlandırıb. Qarşıdakı 2017-ci ilin mövsümünə indidən hazırlıq aparılır. Gələn il üçün 10 hektarda pambıq əkəcəyəm. Ona görə də indidən əkiləcək sahələrin şumlanmasına başlamışıq. Düşünürəm ki, Ulu Öndər Heydər Əliyevin bir zamanlar pambıqçılığa verdiyi önəm bu gün ölkə rəhbərinin təşəbbüsü ilə dirçələcək və əvvəlki şöhrətinə qayıdacaq. Bunun üçün kəndlinin daha möhkəm tellərlə torpağa bağlanması gərəkdir. Biz təcrübəli pambıqçıların təcrübəsindən geniş istifadə edərək “ağ qızıl”ın şöhrətini daha da yüksəltməliyik. Ölkə rəhbərinin fikri bizim hər birimizin əhval-ruhiyyəsini artıracaq, firavan həyatımıza stimul verəcəkdir. Bir pambıqçı kimi buna inanıram: yaxın bir vaxtda “ağ qızıl” öz şöhrətini tapacaqdır.
Rizvan Ələkbərov,
Qazyan kəndi, pambıqçılıq üzrə fermer