Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt

    12tiMehriban və Bağışlayan Allahın adı ilə!
    Bəşəriyyətə göndərilmiş dinlərin ən sonuncusu olan islam dini demək olar ki, həyatın bütün sahələrinə öz töfhəsini vermişdir. İstər yemək qaydaları olsun, yaxud qohumluq-qonşuluq və ya hər hansı bir ictimai əlaqələr. Bunların içərisində ailəyə aid olan qanunlar daha çox diqqət çəkir. Dinimizdə kişi-qadın, valideyn-övlad, böyük-kiçik münasibətləri ən çox önəm verilən məsələlərdəndir. Müqəddəs Kitabımız Quranda övladlara tövsiyə və göstəriş verilir ki, valideynlərinizə “uf” belə deməyin, onlar üçün Allahdan bağışlanma diləyin və onlar üçün Allaha şükür edin. Bəs övlada qarşı valideynin haqqı nədir? Axı, dinimiz bizə əmr edir ki, bir-birimizin haqqına riayət edək! Sevimli Peyğəmbərimiz (s) buyurur:”Övladın valideyn boynunda (əsasən atanın) haqqı budur ki, ona gözəl ad qoya (ki, adı ona utanc gətirməyə), tərbiyə verə və ona elm öyrədə.”
    Mənbələrdə deyilir ki, tərbiyə vermək işi hələ körpə dünyaya gəlməmiş başlamalıdır. Bu necə ola bilər? Lap əvvəldən ata gələcək övladın mayasını halal ruzi ilə bərqərar etməlidir və sonra ki, artıq körpə anasının “qonağıdır”, ata və ana ədəbdən, etikadan kənar sözlərdən uzaq olmalıdır. Çünki bu günün texnoloji inkişafı Quranın bir sirrini də təsdiqlədi ki, həqiqətən körpə ana bətnində olarkən ilk işləyən orqan onun eşitmə orqanlarıdır.
    İmam Cəfər Sadiq (ə) buyurur: “Qidada insan xasiyyətinə təsir edən çoxlu amillər var”. Yəni, övlada halalından ruzi yedirmək valideynlərin boynunda olan mənəvi bir borcdur, Peyğəmbərimiz (s) yenə buyurur: Uşaq dünyaya gəldikdən sonra ilk günlərdə sağ qulağına azan (minarələrdən ucalan namaz çağrışı), sol qulağına isə iqamə deyin: Belə ki, onun ilk eşitdiyi kəlmə Allah kəlməsi olsun. Və “ övladlarınız dil açarkən onlara “la ilahə illəllah” sözünü söylədin”. Ancaq çox təəssüf ki, bu gün biz burda yazılanların tam əksinə gedirik. Bəzi valideynlər (ən çoxu da atalar) lap əvvəldən, halalı harama qatır, o zaman ki, uşaq yenicə dil açmağa başlayır, körpəyə konfet, şirniyyat, sonrakı rüblüklərdə pul verərək, onu biədəb sözlər deməyə vadar edirlər. Beləliklə də onlar gələcəkdə cəmiyyətə tərbiyəli, səviyyəli bir insan təqdim etmək əvəzinə, tam tərs formada bir arzuolunmaz gənc yetişdirirlər. Gərək böyüklər yaxşı mənada kiçiklərə nümunə olalar. Onsuz da uşaqlar evin güzgüsüdür. İmam Cəfər Sadiq (ə) buyurur:“Müsəlmanam demə, onu əməlinlə göstər”. Hədislərdə deyilir:” Bir gün bir kişi özünü narahat hiss edən övladını Hz. Peyğəmbərin (s) yanına gətirərək deyir: “Ya Rəsulallah, bu uşaq narahatdır (Peyğəmbərimiz (s) Allahın kəramətiylə həm də türkəçarəliyi bilirmiş). Həzrət (s) uşağa baxır və deyir ki, apar, sabah gətirərsən. Kişi uşağı sabah gətirir, Peyğəmbər (s) buyurur ki, qoyma xurmanı çox yeyə, şirin şeylər bu uşağa ziyandır. Kişi təəccüblə deyir: “Ya Rəsulallah, bunu niyə dünən demədiniz? Birdə bu qədər yol gəlməzdik.” Cavab verir ki, dünən özüm də çox yemişdim. Dedim, sözümün bəraəti olmaz!
    Bəli, tərbiyə etmək budur. Vacib olan məsələlərdən biri də övladların arasında ayrı-seçkilik qoyulmamasıdır. Bəzən rast gəlinir ki, kimsə oğul övladını qız övladından üstün tutur. Qətiyyən belə etmək olmaz! “Allahdan qorxun, övladlarınıza qarşı ədalətli olun, birini o birindən üstün tutmayın!”(Hz. Mühəmməd (s)
    Dahi ədib, Azərbaycanı bütün dünyaya tanıdan Ü. Hacıbəyov yazır: “Övladlarınızı bütləşdirməyin ki, bu sevgi sizi pis vəziyyətə salmasın”. Həqiqətən də övladlar valideyn sevgisindən çox istifadə edirlər. Dinimiz buyurur ki, ailə məsləhətləşmələrində uşaqları da danışdırın, onları körpə yaşlarından bir şəxsiyyət kimi yetişdirin. Bu işin həm onlara və həm də valideynlərə çox böyük xeyri var. Peyğəmbər (s) buyurur: Övladlarınızı sevib, onlara məhəbbət bəsləyin. Hər vaxt onlara vədə versəniz, vədənizə əməl edin. Çünki, övlad atasını özünə ruzi verən kimi dərk edir.” Övlad üçün ən yaxşı tərbiyə vasitəsi ən birinci valideynləridir ki, onlardan düzgünlüyü və yaxud da xoşagəlməyən işləri öz saf yaddaşlarına köçürür. Gərəkdir ki, ata-ana övladlarının gələcəyi naminə öz mənfi xislətlərini müsbətlə əvəzləsinlər. Hətta aralarında olan müşkülü uşağın yanında çözməyə çalışmasınlar. Sonda Uca Rəbbimiz hər birimizə sağlam və tərbiyəli övladlar qismət etsin. Amin!

    Saleh Ədilov

    Müəllif: Redaktor, 11:18

    Teqlər:

İsmarıclar bağlıdır.