Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt

    ŞƏHƏRİMİZDƏ BİR KÜÇƏ VAR…

    sehid1Tərtər şəhərinin yaraşıqlı küçələrindən biri şəhid İlqar Həsənovun adını daşıyır. Qısa, lakin mənalı ömür yaşayan bu qəhrəman rayonumuzun Söylən kəndində çoxuşaqlı ailədə doğulub. Onlar 4 oğlan, 3 qız olublar. Valideynləri ailənin ruzisini böyük zəhmətlə qazanıblar. Hər ikisi kolxozun fermasında işləyiblər. Gözlərini açandan ailədə bu cür dolanışığı görən uşaqlar da böyüdükcə ata-analarına kömək ediblər. Ilqarın anası Bağdagül Həsənova söhbət edir ki, bir dəfə fermanın malheyvanını dağa aparmışdıq. Ilqar da bizimlə getmişdi. 10 yaşı yenicə tamam olmuşdu. Fermanın sənədləşmə işləri ilə bağlı ikimiz də geri dönəsi olduq. Güman edirdik ki, axşam qayıdacağıq. Amma bu, mümkün olmadı. Ilqar fermanın sürüsünü də qorudu, özü də heç bir həyəcan keçirmədi. Ona görə ki, körpəlikdən o yerlərə çox yaxşı bələd idi. Dağlarda hər cığırı tanıyırdı. Canavarları sürüdən necə uzaqlaşdırmağı, özünü necə qorumağı bilirdi.
    Bağdagül ana danışır ki, sonralar müharibə zamanı onun bu təcrübəsi çox köməyə gəlirdi. Ən çətin məqamlarda İlqarı kəşfiyyata göndərirdilər. O, canından artıq sevdiyi o dağların erməni tapdağında qalmasına dözə bilmirdi. Bütün varlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına çalışırdı. Burada ona təkcə həmin yerləri yaxşı tanıması deyil, həm də peşəkar hərbiçi bilikləri kömək edirdi. Çünki qəhrəman döyüşçü milli orduya gəlməzdən əvvəl Sovet Ordusu sıralarında Polşada xidmət etmişdi, özü də təyyarələrin uçuş meydançasında. Doğulduğu kənddən, bir də yayda qalxdığı yaylaqlardan başqa heç yeri görməyən İlqar üçün burada hər şey yeni idi. Buna baxmayaraq, tezliklə uçuş meydançasında məsuliyyəti və bacarığı ilə seçilən ən nümunəvi əsgərlərdən biri oldu və hətta uzaq Polşadan Söylən kəndinə bu barədə razılıq məktubu da göndərildi…
    Əsgərlik müddətində İlqar müxtəlif silahlardan istifadə qaydalarına da mükəmməl yiyələndi. Bütün bunlara onun daim vətən məhəbbəti ilə döyünən ürəyini əlavə etsək, onda bu gəncin qəhrəmanlıqlarının, şücaətinin mənbəyi aydın olur.
    Nə yaralanmağı, nə də valideynlərinin yalvarışları onu seçdiyi yoldan döndərə bilmirdi. Dincini almamış, yarası sağalmamış yenidən döyüşlərə qatılırdı. Hər dəfə də kəndin cavanlarını da özü ilə bərabər aparır və deyirdi:
    “Bizim indi yalnız bir işimiz var, o da vətənin müdafiəsidir. Yatmağa, dincəlməyə haqqımız yoxdur.”
    –Sevdiyi qız vardımı? –deyə anasından soruşuram.
    –Vardısa da, bunu gizli saxlayırdı. Deyirdi ki, heç kimin balasını bədbəxt edə bilmərəm. Axı, bilmirəm taleyim necə olacaq.
    Sonra Bağdagül ana sözünə davam edir:
    –Heç nədən qorxmurdu, ölümünə də hər an hazır idi. Mən bunu dünyasını dəyişəndən sonra üzündəki ifadədən də duydum. Şəhidliyini məğrurluqla qarşılamışdı…
    Bu, Madagiz uğrunda gedən döyüşlər zamanı olmuşdu.
    Oğlu kimi özü də məğrur və dəyanətli görünən bu ana bildirir ki, sağ olsun Prezidentimiz, dövlətimiz və rayon rəhbərliyi, ölümündən sonra da İlqarı unutmurlar. Onu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediblər, adını əbədiləşdiriblər.
    Amma ananın nisgili də çoxdur. İlqar həmişə deyərdi ki, ana, müharibə qurtarsın, qoymaram atamla sən bir daha əziyyət çəkəsiniz. Ailə qayğıları artıq mənim olmalıdır. Ata bu dərdə dözməyib dünyasını dəyişdi. Ana isə yenə də qayğılar içində çırpınır. Qızının biri uzun illərdir ki, xəstədir. Ona və ailəsinə kömək lazımdır. Nəvələrin də yükü kifayət qədərdir. Çətin anlarda Bağdagül ana oğlunun məzarı üstünə gəlib ondan təsəlli, kömək almaq istəyir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:10

    Teqlər:

İsmarıclar bağlıdır.