Tərtər, Ağdam, Bərdə, Ağcəbədi və Laçın rayonlarından olan vətəndaşlar əsasən əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı, məşğulluq, bərpa müalicəsi, əmək pensiyası hüququnun müəyyən olunması və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciətdə əksini tapan məsələ obyektiv şəkildə araşdırılıb, ayrı-ayrı müraciətlərlə bağlı hüquqi izahatlar verilib.
Səlim Müslümov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin dövlət hesabına mənzillə təmin olunması ilə bağlı müraciətləri cavablandırarkən bu ilin ötən dövründə respublikanın müxtəlif bölgələrində 234 mənzilin həmin təbəqələrdən olan insanların istifadəsinə verildiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işləri bu bölgədə də uğurla aparılır. Keçən və cari ilin ötən dövründə Tərtər rayonunda 58 nəfər, Ağcabədi rayonunda 14 nəfər, Ağdam rayonunda 10 nəfər, Bərdə rayonunda 5 nəfər olmaqla, həmin rayonlar üzrə ümumilikdə 87 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə cavab verən mənzillərlə təmin olunub. Bu rayonlar üzrə cari ildə daha 16 fərdi evin tikintisi də nəzərdə tutulub”.
Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb edilmək üçün qeydiyyata götürülüb.
Məşğulluğun təmin olunmasına dair müraciətlərlə əlaqədar yerindəcə tədbirlər görülüb, onlara yaşadıqları ərazidə fəaliyyət göstərən müəssisələrdəki vakant iş yerləri təklif olunaraq, seçdikləri iş yerlərinə göndərişlər təqdim edilib. Habelə yeni peşələrə yiyələnmək arzusunda olan işaxtaran şəxslər nazirlik tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata götürülüblər. Səlim Müslümov cari ilin 8 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən 48759 nəfər, o cümlədən Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonları üzrə 2022 nəfər vətəndaşın münasib iş yerləri ilə təmin edildiklərini diqqətə çatdırıb.
Qəbula gələn vətəndaşlar müraciətləri zamanı sosial sahəyə göstərilən Prezident qayğısından da razılıqla bəhs edərək, sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin məşğulluq imkanlarının artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
-
28Sen
Müəllif: Redaktor, 14:56
Teqlər: Xəbərlər