1972-ci ildə o zamankı İliç adına kolxo-zun sədri rəhmətlik Əyyub Nəbiyevlə pambıqçılığa dair respublika müşavirəsində iştirak edirdik. Söz Əyyub müəllimə veriləndə bildirdi ki, bu il yetişdirdiyimiz məhsulun 80 faizini maşınla toplayacağıq. Ulu Öndər elə buradaca sual verdi:
–Niyə 80 faizini? Məhsulun hamısını maşınlarla yığmaq mümkün deyilmi?
Əyyub müəllim bir an fikirləşib cavab verdi:
–Mümkündür və biz bunu edəcəyik.
Həmin il İliç adına kolxozda yetişdirilən “ağ qızıl”ın hamısı texnikanın gücü ilə toplandı. Bu-nun sayəsində kolxoz pambıqçılıqdan çox böyük gəlir götürdü və hətta 30 nəfərə əməkdə qazandığı nailiyyətlərə görə mükafat olaraq “Jiquli-011” markalı minik maşınları verildi. İlin sonunda kolxozçular əməkgününə yaxşı pul aldılar. Yəni Heydər Əliyevin hakimiy-yətdə olduğu dövrdə biz pambıqçılığın Azərbaycan kəndlisinin həyatına necə firavanlıq gətirdiyinin şahidi olmuşuq və əminik ki, müasir dövrdə bu ənənələrin bərpası mümkündür, hətta o dövrdə olduğundan da artıq nailliyyətlər əldə edə bilərik. Ona görə ki, indi elm və texnika daha sürətlə inkişaf edib və əkinçilikdə ən müasir texnologiyalardan istifadə edilir.
Ötən illərlə bağlı daha bir xatirə daim yaddaşımdadır. 1981-ci il idi. O zaman mən 3 nömrəli komsomolçu-gənclər briqadasına başçılıq edirdim. Briqadamızın kollektivi 100 hektar sahədən maşınlarla 317 ton pambıq toplamışdır. Bütövlükdə isə həmin mövsümdə 400 tondan çox məhsul tədarük etdik. Həmin nailiyyətimizə görə kollektivin başçısı kimi məni “Şərəf nişanı” ordeni ilə təltif etdilər. Bundan başqa, pambıqçılıqdakı uğuruma görə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşəm, Bəsti Bağırova adına Dövlət mükafatı laureatıyam, XTNS-nin qızıl, gümüş, bürünc medallarını almışam.
2 dəfə Azərbaycanın mümayəndə heyətinin tərkibində Tacikistanda sosializm yarışının nəticələri ilə tanış olmaq üçün o ölkənin pambıqçıları ilə görüşmüşəm. XI çağırış Azərbaycan SSR-in Ali Sovetinin deputatı seçilmişəm.
Azərbaycan Kommunist Partiyasının XXXII qurultayının nümayəndəsi olmuşam və həmin qurultayda Sov.İKP-nin XXVIII qurultayına nümayəndə seçilmişəm. Yəni məni, sadə bir kəndli balasını bu uca zirvələrə qaldıran pambıq tarlalarındakı zəhmətim olub.
Lakin pampıqçılıqla məşğul olanlara həm də bir tövsiyəm var: bu bitki olduqca zərifdir. O sənə sərvət, şan-şöhrət gətirdiyi kimi, səndən də qayğı və sonsuz zəhmət tələb edir.
Yalnız bütün lazım olan aqrotexniki qaydalara vaxtlı-vaxtında və diqqətlə əməl etməklə, bu sahədə istənilən nəticələri əldə etmək olar.
Süleyman Quliyev,
Qaynaq kəndi