Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda keçirilən respublika müşavirəsini televiziyada diqqətlə izlədim. Bu xəbər məni həm sevindirdi, həm də bir neçə il geriyə–Azərbaycanda pambıqçılığın sürətlə inkişaf etdirildiyi günlərə qaytardı. Bu da əbəs deyil. Bəlkə də başqa peşə sahibi olsaydım, bir o qədər də təsirlənməzdim
Mən 1971-ci ildən 1981-ci ilə kimi bizim dörd kəndi birləşdirən “Özbəkistan” kolxozunda pambıqçılıq briqadiri işləmişəm. O zaman pambıq sahələrindən daim yüksək məhsul götürdüyümüzə görə əməyim yüksək qiymətləndirilirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əmək igidliyinə görə” medal almışam.
Müxtəlif fəxri döş nişanlarına layiq görülmüşəm. Dəfələrlə Fəxri fərman, tərifnamə və digər həvəsləndirici mükafatlar almışam. İşlədiyim illərdə qabaqcıl əmək adamı kimi rayon və kənd Sovetinin deputatı seçilmişəm. Partiya sıralarına qəbul olunmuşam. Nümunəvi işimin nəticəsi kimi “QAZ-24” markalı minik avtomobili ilə mükafatlandırılmışam. Bax, bütün bu saydıqlarımın hamısı pambıqçılıqda qazanılan yüksək nəticələrin məhsuludur.
Yaxşı yadımdadır, 1976-cı il idi. Ulu Öndər Heydər Əliyev Tərtərdə olanda qabaqcıl təsərrüfat kimi bizim briqadaya da gəlmişdi. Adamlarla səmimi görüşdü, söhbət elədi. Briqadir kimi məni sorğu-suala tutdu. Bu, sanki bizə qolqanaq verirdi.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin Sabirabadda keçirdiyi pambıqçılığın inkişafına aid müşavirədən sonra bizim Tərtər rayonunda geniş müşavirəyə keçmişin qabaqcıl pambıqçıları, bu sahədə ən yüksək ada layiq görülmüş insanlar dəvət olunmuşdular. Həmin müşavirədə mən də çıxış etdim. Bu sahənin yenidən diqqət mərkəzinə çəkilməsini ürəkdən bəyəndiyimi dedim.
Son dövrlər ölkəmizdə ölkə Prezidentinin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, üzümçülüyün inkişaf etdirilməsinə diqqət göstərilməsi kənd camaatının ürəyin-cədir.
İnanıram ki, Azərbaycanımızın hər bir bölgəsində bu sahənin yenidən dirçəldilməsi, inkişaf etdirilməsi xalqı-mızın güzəranını yaxşılaşdıracaqdır.
Əjdər Həsənov,
Dəmirçilər kəndində fermer