TURİZMİ İNKİŞAF ETDİRMƏLİYİK
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycan Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur
Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çox saylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.
Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun çox-saylı layihələr həyata keçirilir.
Turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə çoxulduzlu mehmanxanalar fəaliyyət göstərir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub.
Tərtər rayonunda da turizm sahəsində münasib işlər görülməkdədir. Yaxın günlərin söhbətidir. Tərtər rayon Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının xətti ilə bir qrup şəxs Şəki rayonunun gəzməli-görməli yerlərinə səyahət təşkil etmişdilər. Rayonun tarixi abidələrinə–Xan sarayına, Marxal gölü ətrafına gəzintilər böyük marağa səbəb olmuşdur.
Tərtər rayonu Azərbaycanın bölgələri içərisində saf havasına və suyuna görə fərqlənən bir yerdir. Hələ illər öncə bu rayonun iqlimi hər kəsi özünə cəlb edirdi. Mənfur qonşularımız Tərtər çayının suyunu kəsdiyinə görə rayonun mühitində kəskin dəyişiklik yaranmışdı. Lakin rayonun bəzi yerlərində özü qaynayıb çıxan müalicəvi isti suların ətrafında nə isə yaratmaqla turizmin inkişafına töhfə verilmiş olar. İnanıram ki, həmin isti suların müalicəvi əhəmiyyətini düşünərək buna nail olunacaqdır. O zaman rayonumuz turistləri özünə cəlb edəcəkdir.
“Yeni Tərtər”