Atalar çox gözəl deyiblər ki, “Ot kökü üstə bitər”. Əsrlər boyu nəsildən-nəslə keçən, ağızdan-ağıza ötürülən və həyatda dəfələrlə öz təsdiqini tapan bu məşhur deyim bizim dövrümüzdə bir daha igid Azərbaycan oğullarının sayəsində öz təsdiqini tapmışdır. Qəhrəman oğullarımız mənfur erməni quldurlarına qarşı döyüşən zaman göstərdikləri şücaətləri ilə ulu babalarımızın dediklərini bir daha gerçəkliyə çevirdilər. Həmin qəhrəman Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovdur.
Mübarizi həyata bəxş edən xalq çox sayda qəhrəmanlar yetirmişdir. Dədə Qorqud igidləri, Babək, Koroğlu, Qaçaq Nəbi, Həzi Aslanov, Qafur Məmmədov və Azərbaycanın müstəqilliyi dövründəki yüzlərlə qəhrəmanlarımız.
Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq özünün qeyri-adiliyi ilə seçilir. O, Koroğlu babamızın “Tüfəng çıxdı, qəhrəmanlıq getdi” fikrinin doğru olmadığını öz şəxsi şücaəti ilə təsdiqləməklə bərabər, eyni silahla silahlanmış düşmənin çoxlu sayda əsgərini məhv etdi.
Onun göstərdiyi igidlik İkinci Dünya müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin yeni formada da-vamı, general Həzi Aslanovun düşündüyü hərbi-taktiki gediş-lərin fərdi döyüşçü tətbiqidir desək, yəqin ki, mübaliğəyə yol vermərik.
Mübariz İbrahimov öz rəşadəti və müstəsna şücaəti, hərbi-taktiki biliyi ilə erməni quldurlarına təkbaşına çox böyük zərbə vurdu: düşmənin çoxlu sayda canlı qüvvəsini sıradan çıxartdı. Həmçinin o öz qəhrəmanlığı ilə düşmənə ağır mənəvi zərbə vurdu: düşmənin özünə olan inamını, havadarlarına olan ümidini heçə endirdi. Onun göstərdiyi qəhrəmanlıq Azərbaycan sərhədlərini aşdı, müasir hərb tarixində fenomenal bir hadisəyə çevrildi, şair və yazıçılar tərəfindən tərənnüm edildi, haqqında filmlər çəkildi, neçə-neçə publisistik yazılar yazıldı və bu gün də yazılmaqda davam edir.
Mübariz İbrahimov təkbaşına göstərdiyi şücaəti ilə dünyanı heyrətləndirdi, onun adı ən mötəbər kürsülərdə çəkildi.
Bəli, təkbaşına cəsurluq, igidlik, mərdlik nümayiş etdirən, Vətən və doğma torpaqlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdə şəxsi nümunə göstərən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. O, Azərbaycan əsgərinin özünəinam, qələbə və şanlı zəfərə çağırış təcəssümü, qəhrəman oğullarımızın fədakarlıq simvoludur.
Mübariz İbrahimovun şücaəti Azərbaycan Prezidenti başda olmaqla, xalqımızın ordumuza olan qayğısının, onun hərbi-texniki imkanlarının artdığının və ordumuzda əsgər və zabitlər arasındakı yüksək əhval-ruhiyyənin və mənəvi-psixoloji durumun nəticəsidir.
Mübariz İbrahimovun şücaəti, qeyri-adi cəsarəti artıq əfsanəyə çevrilsə də, bugünkü Azərbaycanın gənc nəslinin ürəyində düşməndən intiqam almaq eşqini alovlandırıb, gənclərin milli-vətənpərvərlik ruhunda böyüməsinə töhfələr verib.
Ordumuza olan qayğı gənc əsgər və zabitlərimizdə mənfur düşmən üzərində qələbə əzmini daha da artırmışdır. İndi hər bir əsgər Mübariz İbrahimov kimi düşməndən qisas anını gözləyir. Ali Baş Komandan əmr edən anda hamı bir nəfər kimi düşmən üstünə getməyə səfərbər olacaqdır.
Mübariz İbrahimov Azərbaycan xalqının, onun Milli Ordusunun müstəqillik dövründə yetişdirdiyi qəhrəmanı, Azərbaycan əsgərinin igidlik örnəyidir. İndi Azərbaycanda hər bir gəncin qəlbində Mübariz İbrahimov guşəsi vardır. Bu-gün kimi ondan danışır, kimi ona bənzəmək istəyir, kimi ona mahnı, başqası musiqi əsəri həsr edir, kimi də onun qəhrəmanlığını şeirlərində, poemalarında vəsf edir.
Azər Hacıbəylinin də oxucuların diqqətinə təqdim etdiyi “Addım at!” adlı poeması qəhrəman oğlumuzun əsgəri şüca-ətinə həsr edilibdir.
Böyük sevgi və məhəbbətlə yazılan bu poemada müəllif müxtəlif bədii lövhələrlə cəsur qəhrəmanın hər kəsin yadında qala biləcək obrazını yarada bilibdir. Poemanı oxuduqca Mübariz İbrahimovun cəsur siması bir daha gözlərimiz önündə canlanır.
Əsərin adından da göründüyü kimi, müəllif həmçinin gənclərə müraciət edir, onları Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin əbədi olması uğrunda Milli Qəhrəman Mübariz İbrahimov kimi addım atmağa, qəhrəmanlıq göstərməyə səsləyir. Hər bir vətənsevər azərbaycanlı, xüsusən də bugünkü gənc nəsil üçün töhfə olacaq “Addım at!” poeması inanıram ki, dəyərli oxucuların qəblərində layiqli yerini tutacaqdır.
Paşa Kərimov,
filologiya elmləri doktoru Redaksiyadan: Mübariz İbrahimov cəbhə bölgəsi olan Tərtərdə erməni vəhşiliyinin qarşısını almaq üçün apardığı təkbaşına mübarizədə qəhrəmanlıqla şəhid olmuşdur.