1 sayılı tam orta məktəb. Ötən tədris ili məktəb üçün xüsusilə uğurlu olub. Bu tədris ocağı respublika üzrə “Ən yaxşı ümumtəhsil məktəbi” adına, məktəbin direktoru Nəcibə Muradova isə Təhsil Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Yüksək fəxri adlar məktəb kollektivinin gərgin zəhmətinin, ardıcıl qazanılan uğurlarının nəticəsidir. Bu barədə “Bilik Günü” münasibəti ilə məktəbdə keçirilən bayram tədbirində geniş söhbət getdi. Tədbirə toplaşanları yeni dərs ilinin başlanması münasibəti ilə ürəkdən təbrik edən Nəcibə müəllim qürur hissi ilə bildirdi ki, məktəbin builki 51 məzunundan 32 nəfəri universitetlərə qəbul olunub. Onlardan 4 nəfəri xaricdə təhsil alacaq. 8 nəfər məzun isə respublikamızdakı müxtəlif kolleclərdə oxuyacaq.
100 ildən artıq şanlı ənənələrə malik, yüzlərlə alim, tanınmış şəxsiyyətlər yetişdirən bu məktəbdə oxumaq istəyənlərin sayı ildən-ilə artır. Elə cari tədris ilində birincilərin sayı 117-yə çatıb. Bunlardan 37-si rus bölməsində təhsil alacaq.
2 sayılı məktəb-lisey. Cari tədris ilində bu məktəbin lisey kimi fəaliyyət göstərməsinin 10 ili tamam olacaqdır. Həmin müddət ərzində 146 nəfər məzun müxtəlif universitetlərə daxil olub. Məktəb öz yetirmələri ilə fəxr edir və onların adları böyük məhəbbətlə “Fəxri məzunlar” kitabına yazılıb.
“Bilik Günü” münasibəti ilə burada təntənəli tədbir keçirildi. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagird kollektivini, valideynləri hamı üçün əziz olan əlamətdar gün münasibəti ilə təbrik etdi. Rayon rəhbəri ölkəmizdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradıldığını göstərərək bildirdi ki, bu imkanlardan istifadə etmək, yaxşı oxumaq lazımdır.
Məktəbin direktoru Gülarə Əkbərova, birincilərin məllimi Sevil Niftalıyeva, onbirincilərin sinif rəhbəri Nüşabə Abdullayeva da öz ürək sözlərini söylədilər. Bildirildi ki, məzunlardan 31 nəfəri ali məktəblərə sənəd vermiş və onlardan 21-i qəbul olunmuşdur. 3 nəfər isə kolleclərdə təhsil alacaq.
Bilik bayramında məktəbin 6 nəfər şagirdinə nümunəli şahədətnamələr təqdim olundu, bu uşaqlara və həmçinin onların sinif rəhbərləri Gülçöhrə Kərimovaya məktəb tərəfindən təşəkkürnamələr verildi.
Estafet nəsildən-nəsilə ötürülür. Bu məktəbdə də məzunların yerini 62 nəfər birinci sinifə gələn fidanlar tutmuşdur. Gün gələcək, indi onları məktəbə gətirən bu yollar artıq körpə uşaqları yox, savadlı, bilikli gəncləri öz qoynuna alacaq. Yollar şaxələnəcək. Arzu edirik ki, hansı yolu seçmələrdən asılı olmayaraq, gənclər müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi yaşasınlar.
6 saylı tam orta məktəb. 15 sentyabr– “Bilik Günü”nün keçirilməsinə 61 nəfər müəllim, 470 nəfər şagird, valideynlər, əllərində əlvan çiçəklər və şarlar tutmuş birincilər, hüquq-mühafizə orqanlarının nümayəndələri toplaşmışlar. Səsgücləndiricidən Azərbaycanın “Dövlət himni” və “Qəhrəman Tərtər” mahnısı səsləndirilir. Sonra məktəbin təşkilatçı müavini Zülfiyyə Abdullayeva tədbiri açıq elan edərək sözü rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verdi. Icra başçısı Müstəqim Məmmədov döyüş bölgəsi olan qəhrəman Tərtərin mənfur qonşuların təxribatlarına qarşı göstərdiyi dəyanətindən, aparılan quruculuq və abadlıq işlərindən, ölkə Prezidenti İlham Əliyevin və onun xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rayonumuza səfəri haqqında ətraflı danışdı və şəhər 6 saylı tam orta məktəbinin müəllim və şagird kollektivini, birincilərin valideynlərini yeni dərs ilinin açılması münasibəti ilə təbrik etdi.
Sonra məktəbin direktoru Azad Abbasov çıxış edərək rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova və hüquq-mühafizə orqanlarının nümayəndələrinə göstərilən qayğı və diqqətə görə öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu il məktəbdə 29 nəfər onbirinci, 62 nəfər isə birinci siniflərdə təhsil alacaqdır. Ötən tədris ilində buraxılan məzunlardan 10 nəfəri ali, 2 nəfəri və doqquzuncu sinifi bitirənlərdən 4 nəfəri orta ixtisas məktəblərinə qəbul olmuşlar. Yeni dərs ilində isə məktəbin kollektivi daha böyük uğurlar qazanmağa çalışacaqdır.
Məktəbin müəllimləri və valideynlər çıxış edərək öz arzularını bildirdilər. Ilk zəng çalınaraq şagirdləri və müəllimləri sinif otaqlarına səslədi.
Şıxarx 1 saylı tam orta məktəb. “Bilik Günü”nü Şıxarx qəsəbəsinin sakinləri ikiqat sevinc hissi ilə qeyd etdilər. Həmin gün burada yeni məktəb binasının açılışı oldu. Yeni bina 106 şagird yerlikdir və hər cür müasir avadanlıqlarla təchiz olunub. Burada 1992-ci ildən Şıxarx qəsəbəsində məskunlaşmış Laçın, Ağdam, Kəlbəcər, Şuşa, Ağdərə rayonlarından olan məcburi köçkünlərin övladları təhsil alacaqlar.
Yeni dərs ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə məktəbdə tədbir keçirildi. Öncə tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğurunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Məktəbin direktoru Atlas Rüstəmova çıxış edərək qaçqın və məcburi köçkün ailələrinə, onların övladlarına göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə qəsəbə sakinləri adından dərin minnətdarlığını bildirdi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagird kollektivini təbrik edərək, onlara yeni məktəbdə yeni uğurlar qazanmağı arzuladı. Bu təbriklərə Şıxarx qəsəbəsinin icra nümayəndəsi Mübariz Cabbarov, Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov da qoşuldular.
Sonda qonaqlar məktəbdə yaradılan şəraitlə tanış oldular.
Seydimli kənd tam orta məktəbi. Yay tətili günlərindən sonra şagirdlər yeni tədris ilinə həvəslə başladılar.
Həmin gün Seydimli kənd tam orta məktəbində böyük canlanma vardı. Şagirdlər, müəllimlər, valideynlər bir-birilərini təbrik edir, xoş əhval-ruhiyyə arzulayırdılar.
İlk dərs ilinin tədbirini məktəbin direktoru Nurəddin İbrahimov açdı. Toplantı iştirakçılarını salamladı.
Sonra Azərbaycanın himni səsləndirildi. Direktor özlərinin builki uğurlarını yada saldı. Qeyd etdi ki, kollektivin uğurları pis olmayıb. Məktəbi bitirən 10 nəfər şagirdin 5 nəfəri müxtəlif ali məktəblərə, 2 nəfəri texnikuma daxil olub.
Sonra məktəbin tədris işləri üzrə direktor müavini Sürəyya Hüseynova, rayon təhsil şöbəsinin nümayəndəsi Müsaməddin Qurbanov, məktəbin psixoloqu Vüsalə Cəfərova, birincilərin müəllimləri Sevil Cəfərova, Füqurə Orucova, valideyn Aygün Ağayeva, Seydimli Bələdiyyəsinin sədri Mədinə İmanova və başqaları çıxış edərək yeni dərs ilinin başlanması münasibəti ilə şagirdləri və valideynləri, təbrik edib, onlara uğurlar dilədilər.
Qaradağlı kənd tam orta məktəbi. Cari tədris ilində Qaradağlı kənd tam orta məktəbinin birinci sinifinə 55 nəfər qədəm qoydu. Ümumiyyətlə məktəbdə 374 nəfər şagirdin təlim-tərbiyəsi ilə 55 nəfər müəllim məşğul olur.
Bu il orta məktəbi bitirən 49 nəfərin 25-i ali məktəblərə iş vermişdi. Həmin şagirdlərin 13 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Ali məktəblərə daxil olan şagirdlərin 2-si 600-dən, 2-si isə 500-dən çox bal toplayıb.
“Bilik Günü” münasibəti ilə məktəbin həyətində böyük canlanma vardı.
Tədbiri məktəbin direktoru Eldəniz Ələsgərov açdı. “Bilik Günü” münasibəti ilə şagirdləri, müəllimləri, valideynləri təbrik etdi. Məktəbin builki uğurlarından danışdı. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin direktor müavini Həqiqət Əliyeva, birincilərin müəllimləri Ayişə Fərəcova, tarix müəllimi Şəlalə Nəcəfova danışdılar, “Bilik günü” münasibəti ilə toplantı iştirakçılarını təbrik etdilər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Zakir Aslanov rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun salamlarını toplantı iştirakçılarına çatdırdı.
Qaradağlı kənd icra nümayəndəsi Razil Məmmədov şagirdlərə yeni tədris ilində uğurlar arzuladı.
Umudlu kənd tam orta məktəb. “Bilik Günü” münasibəti ilə keçirilən tədbirdə müəllimlər, şagirdlər, valideynlər toplaşmışlar. Məktəbin direktoru Zabil Zeynalov toplaşanları təbrik edib bildirir ki, bu il Umudlu kənd tam orta məktəbində 150 nəfər şagird təhsil alacaqdır ki, onların təlim-tərbiyəsi ilə 24 nəfər müəllim məşğul olacaqdır. Hazırda onbirinci sinifdə 9, birinci sinifdə 23 nəfər şagird təhsil alacaqdır.
“Bilik Günü”nə toplaşanların sevinci hüdudsuzdur. Müəllimlərdən Zoya Quliyeva, Ağaəli Bağırov, onbirinci sinif şagirdi Ülkər Zeynallı və valideynlər öz ürək sözlərini tədbirə toplaşanlarla bölüşdülər. Birinci sinif şagirdi ilk zəngi çaldı və hamı sinif otaqlarına daxil oldu.
“Yeni Tərtər”