Rayon Mədəniyyət Mərkəzində ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də iştirak etmişlər.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tələbə adını qazanmış gəncləri təbrik edərək, bildirmişdir ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9387 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu rayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 7 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Ötən il şəhər 1 saylı tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində birinci yeri qazanıb.
Surxay Mirzəyev bildirmişdir ki, bu il tam orta məktəbləri bitirən 669 nəfər məzundan 350 nəfəri ali məktəblərə sənəd vermişdir. 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olmuşdur. 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamış, 3 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Şöbə müdiri təhsilə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirmişdir.
Sonra Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Ələsgərov, Sarov kənd tam orta məktəbin direktoru Zərifə Şirinova, valideynlərdən Vəfa Quliyeva, Gündüz Mürsəlov, Mübariz Yunisov çıxış edərək yenicə tələbə adını almış gəncləri təbrik etmişlər. Köçərli kənd tam orta məktəbinin məzunu Leyla Yunisli, Sarov kənd tam orta məktəbin məzunu Nərmin Rzazadə, Buruc kənd tam orta məktəbin məzunu Ceyhun Əliyev, Qaradağlı kənd tam orta məktəbin məzunu Nərmin Qədimli, Xoruzlu kənd tam orta məktəbin məzunu Sevinc Mürsəlli öz ürək sözlərini bildirmişlər.
Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyev də təbriklərə qoşularaq gənclərə öz tövsiyələrini vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələri təbrik edərək onlara təhsildə uğurlar diləmişdir. Gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etmişdir.
Tədbirin sonunda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatları, YAP rayon təşkilatı, təhsil şöbəsi, gənclər və idman idarəsi tərəfindən hədiyyələr, Fəxri Fərmanlar və pul mükafatları verilmişdir.
-
07Sen
Müəllif: Redaktor, 12:17
Teqlər: Təhsil