Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Sen

    hqdefaultMərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın sözləridir. Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
    Bu sözləri yada salanda istər-istəməz müasir dünyamızda baş verən qanlı-qadalı savaşları, mənasız, məntiqsiz terrorları, onların törətdikləri günahsız insan qurbanlarını xatırlamalı olursan. Xatırlayırsan, qanın qaralır, təəssuflənirsən, varından yox olursan.
    Bu hisslərlə yaşayarkən maraqlı bir sual da düşündürür səni. “Məgər insan dünyaya bunun üçünmü gəlib? Qan-qada törətmək, fitnə-fəsad yaratmaq, bir-birini günahsız yerə məhv etmək üçünmü?..”
    Axı, insanı xəlq edəndə ulu yaradanımız ondan heç nəyi əsirgəməyib. Lazım olan hər şeyi verib ona. Ən başlıcası bütün canlılardan fərqli olan şüur verib, ağıl verib, idrak verib ona. “Yaşa, yarat, hər şeyi yaxşı-yaxşı düşün, dərk et, – deyib. Sənə bəxş etdiyim bu dünyanı daha da gözəlləşdirməyə can at” –deyib…
    Bəs, biz necə əməl etmişik uca yaradanın bu göstərişlərinə? Ağlımız artdıqca ağılsızlaşmağa, elmin, texnikanın böyük nailiyyətlərinə yiyələndikcə onlardan məsrəfsiz yerə istifadə etməyə, icad etdiyimiz qırğın silahları ilə özümüz özümüzü məhv etməyə başlamışıq. Faciə burasındadır ki, hətta bununla öyünməyə, qürrələnməyə də çalışmışıq. Yaxın Şərqdə, İraqda, Suriyada, Əfqanıstanda baş verənlər dediklərimizin sübutu deyilmi? İblislərin, şeytanların fitvasına uyub özünü İslam dövləti adlandırdığı halda, “Allahu Əkbər” deyərək qan qardaşlarının başını kəsən İŞİD terrorçularının hərəkətlərinə nə ad vermək olar? Niyə xristianların müsəlman dünyasına qarşı düşünülmüş təxribatı hesab etmirik bunu? Bu gün kimi aydın həqiqəti nə vaxt dərk edəcəyik biz?!..
    Baharın gəlişini, təbiətin oyanış çağını xatırlayaq. Nərgizlər, bənövşələr salamlayır bizi, “necəyik, xoşunuza gəlirikmi?”–deyirlər. Körpə təbəssümünə bənzəyir onların xəfif təbəssümü. Ana qoynunda onun şirin zümzüməli laylası ilə uyuyan körpələr kimi…
    Bəs, bunları duyan insan– güllərin açılması ilə fərəhlənən, körpə təbəssümü ilə sevinən varlıq tətiyə əl atıb güllələrin açılmasını gözləyərmi? Görəsən nə vaxt idrakımız dərk edəcək bunu? Böyük Səməd Vurğun demişkən: “Qalib gələcəkmi cahanda kamal?” Dostoyevski “dünyanı gözəllik xilas edəcək” deyirdi.
    Qoy bu gözəl dünyamızın gözəllikləri sərsəm dünyamızı xilas etsin!..

    Qədir Allahverdiyev,
    Tərtər rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-jurnalist

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.