Multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Bu termin haqqında müxtəlif ölkələrdə müxtəlf təhlillər mövcuddur. Ümumilikdə multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşib. Azərbaycanın Asiya və Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynamışdır. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini-mədəni müxtəliflik və dəyərlər nəzərdə tutulur.
Multikulturalizm tolerantlıq və qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, dostluq, dözümlülük üzərində qurulan mühitdir. Nəzərə alaq ki, Azərbaycan ərazisində çox qədim zamanlardan müxtəlif etnik millətlər – avarlar, ləzgilər, udinlər yaşayır və onların multikultural dəyərləri qorunub saxlanıldığı üçün “Azərbaycan multikulturalizm məkanıdır” deyə bilərik. Bu isə dünyaya yeni bir mesajdır.
Multikulturalizm mühitinin formalaşmasında cəmiyyətdə qadınların rolu danılmazdır. Təmas xəttində yerləşən Qapanlı kəndinin bir sakini olaraq məcburən cəlb olunduğumuz müharibənin ən ağır faciələrini gözümlə görmüşəm. I Qarabağ müharibəsi zamanı erməni tanklarının kəndə girməsi, 21 yaşlı kənd sakininin erməni snayperçisi tərəfindən vurularaq şəhid olması, insanların minaya düşməsi, yol kənarlarında ağaclar altnda qalmaları, azyaşlı məktəbli uşaqların qətlə yetirilməsi gözlərim önündədir.
O vaxtdan bir çox illər ötsə də, müharibə hələ də başa çatmayıb. Artıq mən də 2 övlad anasıyam. Bu gün yenə də insanlar həyəcanla yaşayırlar. Himayəmdə olan yaşlı anam da, övladlarım da, o cümlədən Qapanlı və Qaradağlı kəndlərinin bütün sakinləri səhərləri atəş səsləri ilə açırlar. Bununla belə kənd sakinləri ilə hərbiçilər hər zaman bir-birlərinə arxa-dayaq olur, ruh verirlər.
Bu gün bizim güclü dövlətimiz, qüdrətli ordumuz var. Torpaqların 20 %-i işğal olunan, bir milyondan artıq qaç-qını olan Azərbaycanımız sabit ölkələr sırasındadır. Bu, bizi çox sevindirir. Hazırda yer üzərində sivilizasiyaların toqquşması yaşanır. İnsanların bir-birinin dininə-etiqadına qarşı dözümsüzlük nümayiş etdirdiyi bir dövrdə Azərbaycanda müxtəlif millətlərdən olan insanların qardaşlıq və dostluq şəraitində yaşaması xaos içində olan dünyaya bunun mümkün olmasını göstərir.
Səlimə Yusibova,
Heydər Əliyev Mərkəzinin direktoru.