“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin çapdan çıxması münasibəti ilə redaksiyada tədbir keçirildi. Qəzetin baş redaktoru Tofiq Yusif 7 illik fasilədən sonra qəzetin yenidən nəşr olunmağa başlamasının rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd etdi. Bildirdi ki, ilk vaxtlar işdə bir sıra çətinliklər olsa da (bina, lazımi avadanlıq yox idi, kollektiv formalaşmamışdı), “Yeni Tərtər”in ilk nömrəsi 2005-ci il avqustun 20-də işıq üzü gördü.
Artıq 11 ildir ki, “Yeni Tərtər” ayda üç dəfə oxucularının görüşünə gəlir.
Qəzetin əməkdaşı Əvəz Nəsirov öz çıxışında bildirdi ki, gənclik illərindən indiyədək, təxminən yarım əsrə bərabər bir müddətdə redaksiyada çalışıb. Bu gün informasiya bolluğu şəraitində yaşasaq da, müxtəlif qəzet və jurnallar, elektron media sırasında “Yeni Tərtər”in öz yeri və özünəməxsus dəsti-xətti var.
Gənclər adından çıxış edən Türkan Sabirli göstərdi ki, mən Bakı Dövlət Universitetini bitirdikdən sonra ilk iş yerim “Yeni Tərtər” qəzeti redaksiyası olub. Hesab edirəm ki, həyatda bəxtim gətirib. Çünki BDU-da nəzəri biliklərə yiyələndimsə, redaksiyada çalışdığım müddətdə yaşlı nəslin nümayəndələrinin təcrübəsindən bəhrələndim, qəzet işi, onun dizaynı kimi çox maraqlı bir sahəni öyrəndim.
Yığıncağın sonunda xatirə fotoşəkli çəkdirildi.
“Yeni Tərtər”