Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Avq

    TƏRTƏRİN TARİXİNƏ YENİ SƏHİFƏLƏR YAZAN GƏNCLƏR

    Bəlkə çoxlarına yuxarıda yazdığımız cümlələr bir qədər pafoslu görünə bilər. Ancaq tərtərli gənclərin ali məktəblərə qəbul zamanı göstərdikləri builki göstəriciləri həqiqətən qəhrəmanlıq adlandırmaq olar. Söhbət təkcə rəqəmlərdən getmir. Əsas məsələ budur ki, cəbhəyanı bölgədə yaşamağımıza, daimi olaraq ermənilərin törətdikləri təxribatlara baxmayaraq, uşaqlar öz amallarından dönməmiş, gözəl uğurlar qazanmışlar.
    Builki qəbul zamanı kənd məktəblərinin, xüsusən də cəbhəyanı kənd məktəblərinin məzunları daha çox fərqlənmişlər. 600-dən çox bal toplayan uşaqların 7-si, 500-dən çox bal toplayan 19 nəfərin əksəriyyəti müharibə şəraitində yaşayan kəndlərimizdə təhsil alanlardır. Rayonumuz üzrə ən çox–­­­­­­­­­636 bal toplayıb Azərbaycan Dillər Universitetinə qəbul olan Leyli Yunisli də Köçərli kənd tam orta məktəbinin məzunudur.
    Təkcə bir fakta nəzər salaq. Bu ilin aprel hadisələri zamanı Tərtərin Qapanlı kəndinin adı dünyanın hansı guşəsində səslənmədi? Kimlər Qapanlıya gəlmədi? Belə bir şəraitdə, daimi güllə-baran altında 6 nəfər məzunun yüksək balla ali təhsil müəssisələrinə, 1 nəfərin isə texnikuma daxil olması (məktəbin cəmi 14 məzunu olub) düşmənlərimizə güllədən də ağır zərbə deyilmi? Bir faktı da diqqətə çatdıraq ki, məzunlardan 3-ü məhz hərbi peşəni seçib. Onlardan 2-si Daxili Qoşunlar, 1-i Sərhəd Qoşunları Akademiyasında oxuyacaq.
    Qapanlı ilə qonşu olan və aprel hadisələri zamanı sözün əsl mənasında döyüş meydanına çevrilən Qarağacı kənd tam orta məktəbinin 11 məzunu bu il tələbə adını qazandı! Qürurverici rəqəmdir!
    Aprel müharibəsi zamanı ermənilər tərəfindən daimi atəşə tutulan Şıxarx 1 sayılı, Buruc və digər kənd məktəblərinin məzunları da yaxşı nəticələr əldə ediblər.
    Bütövlükdə isə bu il rayonumuzda XI sinifi bitirən 669 nəfər məzundan 353-ü ali məktəblərə sənəd vermiş və onlardan 171-i tələbə adını qazanmışdır. Əvvəlki illərin məzunlarından da qəbul olan 15 nəfəri bura əlavə etsək, cəmi 186 nəfər tərtərli gənc bu il yüsək nəticələr göstərmiş və ali məktəblərdə təhsil almaq hüququ qazanmışdır. Biz onların hamısını ürəkdən təbrik edir, təhsillərində müvəffəqiyyətlər arzulayır və xüsusən də Tibb Universitetinə qəbul olanların yüksək peşəkar həkimlər kimi rayonumuza qayıdacaqlarını gözləyirik.

    Müəllif: Redaktor, 14:35

İsmarıclar bağlıdır.