Süleymanov Mübariz Böyükkişi oğlu 1974-cü il iyunun 26-da Tərtər rayonunun Sarov kəndində doğulub. Evin sonbeşiyi idi. Beş qardaşın, iki bacının ən sevimlisi, ən yaxşısıydı. Müharibə sübut elədi ki, Vətən yolunda canlarını ən yaxşılar qurban verir. Bu ailədən də tale Mübarizi seçdi.
Taleyin hökmümü apardı onu, bu yola? Bəlkə də qismət yazısıymış, bir söz deyə bilmərik. Amma Mübarizin özü də yaman tələsirdi. Hələ yaşı çatmamış orduya yazılmaq istəyirdi. Evdən qoymurdular. Deyirdilər, yaşın çatar, sən də başqaları kimi ge-dib döyüşərsən. 18 yaşı tamam oldu. Saxlamaq da olardı. Çünki tələbəydi, Mingə-çevirdə oxuyurdu. Acığı tutdu. Dedi ki, ermənilər gəlib bizim rayonumuzu, kəndimizi alandan sonra mənim oxumağım kimə lazımdır? Qeyrətsiz yüz il yaşamaqdansa, Vətənin üçün əlindən gələni edib qeyrətlə ölmək yaxşıdır.
Dedi, dediyi kimi də elədi. 1992-ci il dekabrın 14-də milli orduya çağırılıdı. Əvvəl Şəmkir batalyonunda döyüşdü. Fevralın 21-də isə Tərtər batalyonuna keçdi. Qlobusun alınmasında, Ağdamın Papravənd kəndinin ermənilərdən təmiz-lənməsində, Meteşen uğrunda gedən döyüşlərdə iştirak etdi. Özü də necə iştirak etdi. Komandiri Nizami deyir ki, Mübariz kimi oğlanlarla döyüşdə heç vaxt uduzmazsan. Çünki Mübariz qorxu nə olduğunu bilmirdi. Orduya yenicə çağırılmış, heç təcrübəsi olmayan bir gənc gah qranatamyot atmağı öyrənir, gah pulemyot arxasına keçir, gah da çətinə düşən yoldaşının köməyinə tələsirdi. Deyirlər ki, ilk dəfə qranatamyotu o, Qlobus uğrunda döyüşlərdə çiyninə alıb. Onların üzərinə tank gəlirdi. Uşaqların həyatı təhlükədəydi. O zaman Mübariz özünün sərrast hərəktələrilə düşməni geri qayıtmağa məcbur etdi.
Onun son döyüşü Çardaxlı kəndində olub. Yenə də qranatamyotla bir KamAZ maşınını sıradan çıxarıb, bir neçə ermənini məhv edib. Aprelin 8-də, gündüz saat iki radələrində namərd gülləsi onun qaynar həyatına son qoydu.
Bu zaman atası, anası, bacı-qardaşları, bütün qohum tanışlar narahatçılıq içindəydilər. Ana yuxusunu qarışdırmışdı. Səhər tezdən Böyükkişi əmi Tərtər batalyonuna gedib vəziyyəti öyrənmişdi, söz vermişdilər ki, axşama kimi harda olsa Mübarizi evə göndərəcəklər.
Elə həmin axşam Mübariz evlərinə qayıtdı. Bir şəhid kimi, bir qəhrəman kimi döndü o doğma kəndinə. Qeyrətlə yaşadı, qeyrətlə həlak oldu. Cəmi 19 bahar qarşılaya bildi. Amma öz qısa ömrü ilə Azərbaycanımızın azadlığı tarixində silinməz izlər qoydu.
Döyüş yoldaşları onun intiqamını almağa, yarımçıq qalmış arzularını həyata keçirməyə and içiblər. Allah köməklərində dursun!
Svetlana Bağırova
(“Tərtər” qəzeti, 8 may 1993-cü il)
-
08Avq
Müəllif: Redaktor, 14:11
Teqlər: Digər