Qısa arayış: Əhmədov Məhəmməd İbrahim oğlu ötən əsrin əvvəllərində Kəlbəcər mahalının Qaracanlı kəndində anadan olub. O, uşaq yaşlarında Kəlbəcərin kəndli gənclər məktəbində oxuyub. Məktəbi bitirəndən sonra rayonda vergilər idarəsində işləyib. İnsanların mal-heyvanlarını oğurlayanlara qarşı barışmaz idi. Oğurlanan mal-qaranı yiyəsinə qaytarardı. Bunu bilənlər həmişə Məhəmmədə müraciət edərdilər.
Cavan yaşlarından Məhəmməd yaxşı at çapardı, sərrast tüfəng atardı.Həm də yaxşı ovçu idi. Atın dördnala çaparağında onun qarnının altından fırlanıb bir də yəhərə qalxardı. Bu zaman kənardan seyr edənlər elə bilərdilər ki, atın üstündə adam yoxdu. Məhəmməd gənc yaşlarından belə igid oğlan idi.
Ağsaqqalların söhbətlərindən:
Yaşlı insanlar danışırdılar ki, bir dəfə toy imiş, toya Qarabağdan, Ağdamdan, Tərtərdən də atlı qonaqlar gəlibmiş. Qonaqlardan biri deyir ki, sizdə də at minən, at çapan varsa, gəlsin yarışaq. Toy adamları bildirir ki, bunların qabağına ancaq Məhəmməd çıxa bilər. Bu vaxt Məhəmməd özü də burda imiş. O deyir ki, madam məni məsləhət bilirsiniz, onda gedin Quluşoğlu Məhəmmədin atını gətirin. Hansı ki, Quluşoğlu həmin atı 5 inəyə almışdı. Məhəmməd atın belinə sıçrayıb, onu sınaqdan keçirir. Sonra Qarabağdan gələnlərə deyir ki, buyurun birinci siz atınızı çapın bacarığınızı göstərin. Onlar da: “ Bu yerlər sizindi”,– deyərək, birinci Məhəmmədin at çapmasını israr edirlər.
Məhəmməd atı sıldırımla üzü yuxarı çapır, müxtəlif heyrət doğuran hərə-kətlər edir. Sonra atın başını çöndərib sıldırım aşağı dördnala çapır. O, gah atın üstündə başı üstə durur, gah yəhərə uzanır, gah da yüyəni buraxıb beşaçılandan atəş açırdı. Sonra qonaqların yanında atı saxlayır. Baxır ki, qara zurnada “Koroğlu cəngisi” çalınır. Gənc oğlan atla birlikdə yenə də qara zurnanın ritminə uyğun hərəkətlər edir. Beləcə bu minvalla qalib üçün ayrılan hədiyyəni ona verirlər.
Məhəmmədin atası İbrahim Əh-mədov yaxşı el sənətkarı olub. Gözəl barı çəkər, ev tikərmiş. Evin qapısını, pəncərələrini meşə ağacından düzəldərdi. Hətta danışırlar ki, evin üst örtüyünü meşə ağaclarından elə nizam yonub düzəldərmiş ki, nə yağan yağışdan, nə də qardan içəri damcı düşməzmiş.
Bu məşhur usta əslən Qərbi Azərbaycanın Vedi rayonunun Uluxanlı kəndindən idi. Usta İbrahim Ağdərənin Umudlu kəndində Əmirxan kişiyə ev tikir. Elə bu zaman onun qızı Reyhanı sevir. Elçi göndərib toy edirlər. Qızı alıb Qaracanlıya gəlir. Onların bu evlilikdən iki oğlu olur: Məhəmməd və Yunus. Uşaqlar böyüyüb hörmətli, izzətli, qoçaq cavanlar olurlar.
Məhəmmədə Kürdoğlu ləqəbi necə verildi?
O illərdə Məhəmməd Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin oğlu Aşıq Talıbla dost imiş. Həmin kəndə dostunun yanına gedir. Talıb deyir ki, Məhəmməd, bu gün erməni vergiyığanları bura gələcəklər. Mən də bu gün vergi məsələsinin cavabdehiyəm. Dığalar ayda bir dəfə kəndə gəlir, evlərdə olan yorğan-döşəkləri yığıb aparırlar. Verməyən insanlara işgəncə verirlər.
Ermənilər gəlir. Kəndin ortasına çıxıb deyirlər: “Tez nəyiniz var verin, yoxdusa yorğan-döşək gətirin”. Heç kim dinmir. Bu anda vergiyığanlar – 10 nəfərdən ibarət silahlı dəstənin üzvləri, aşıq Talıbı çağırıb bildirirlər ki, əgər vergini təşkil etməsən səni güllələyəcəyik. Talıb: “ Vallah, kənddə daha yorğan-döşək qalmayıb”, – desə də, bu, ermə-nilərə təsir etmir. Məhəmməd görür ki, ermənilər dostunu güllələyəcəklər. Cəld arxaya çəkilir, 10 ermənini beşaçılanla gülləbaran eləyir. Erməni quldurlarının meyidləri yerdə qalır. Elə bu arada Ağkilsə kəndinin ağsaqqalı Məşədi Salah deyir ki, ay camaat, Kürdoğlu Məhəmməd olmasaydı, ermənilər bizi güllələmişdilər. Bax, elə o zamandan Məhəmmədin adı Kürdoğlu qaldı.
Kürdoğlunun Umudlu əhvalatı
Umudlu kəndində də ermənilər ca-maatı boğaza yığmışdılar. Bir gün 7 silahlı erməni gəlib kəndə bildirirlər ki, siz burdan köçməlisiniz, 1 ay vaxt veririk. Bu sözləri deyib gedirlər. Xəbər Kürdoğlu Məhəmmədə çatır. Umudlu ilə Zəylik kəndi arasında meşədə erməniləri gözləyir. Onlar gəlib çatanda çıxıb beşaçılanı çəkir və soruşur:– “Siz danış-mısınız ki, camaat Umudludan çıxsın, yoxsa evlərini yandıracaqsınız”.
Erməninin biri “ha” deyən kimi, Kürdoğlu Məhəmməd, onların silahlı olmasına baxmayaraq, 7-sini də güllə-ləyir. Meyidlərini də meşədə gizlədir. Bunu hökümətə xəbər verirlər. Bu hadi-sədən sonra Məhəmmədi tutub Şuşa Qalasında türməyə göndərirlər. Özü də 25-ci kameraya salırlar. Hansı ki, həmin kamerada yatanlar güllələnərmiş. Şuşa türməsində 5 ay yatsa da, 7 erməninin güllələnməsini onun boynuna qoya bilmirlər. Elə həmin ərəfədə Şuşa türməsinin rəisini dəyişirlər.
Yeni rəis gəlir, türmənin bütün kameralarını gəzir, 25-ci kamerada ucaboy, qəddi-qamətli, pəhləvan cüssəli cavanı görəndə ürəyində Kürdoğlu Məhəmmədə qarşı bir istək baş qaldırır. İşçilərindən soruşur ki, bunun günahı nədi ki, 25-ci kameraya salınıbdır? Deyirlər ki, 7 erməni öldürüb. Səhərisi gün milliyətcə azərbaycanlı olan təzə rəis öz otağında yemək-içmək süfrəsi düzəltdirir. Deyir ki, 25-ci kameradakı dustağı gətirin mənim yanıma. Məhəmmədi gətirirlər.
Rəis deyir:
– Məhəmməd, otur yeyib içək.
Məhəmməd cavab verir ki, rəis, siz türmə naçalniki, mən də dustaq, bizimki tutmaz bir yerdə. O zaman rəis bir tikə çörəyi götürüb duza vurur və Kürdoğluna deyir ki, bunu ye. Məhəmməd qoçaq, qorxmaz olduğu kimi həm də siyasətcil adam idi. O, duza batırılmış loxmanı yeyir. Rəis soruşur ki, Məhəmməd, sən bu duz-çörək, o deyilən 7 erməninin ölümündən xəbərin var? Məhəmməd cavabında deyir:
– Bəli, rəis, həmin 7 ermənini beşaçılanla mən güllələmişəm.
Rəis gülür və deyir:
–Əə, lap yaxşı eləmisən. Burda heç kimə heç nə demə, səhər saat 8-də səni türmədən buraxacağam.
Elə rəisin dediyi kimi də olur. Səhər açılan kimi Kürdoğlu Məhəmmədin qa-pısını açıb buraxırlar. O, Ağdabana ana-sının yanına gəlib hamı ilə görüşür. Qardaşı Yunus gözə dəymir. Anası ağlaya-ağlaya deyir ki, Yunusu filankəslər öldürüblər. Kürdoğlu Məhəmmədin əsl qaçaqlıq həyatı bundan sonra başlayır.
Kürdoğlu öyrənir ki, qardaşını öldürənlər qapıdakı ala iti də güllələyiblər. Çox axtarır, qardaşının qatillərini tapır. Bir neçə dəfə onlarla güllələşir. Çoxlu sayda adam öldürür. Yenə də ürəyi soyumur. Hətta bir dəfə qaçaq dostlarından biri deyir ki, Kürdoğlu bəs deyil, nə qədər adamı qırdın? Kürdoğlu cavabında:
– Ala itin qanını almışam, Yunusun qanı hələ durur,– deyir
Kürdoğlu Məhəmmədin sədası, qo-çaqlığı bütün Kəlbəcərə, ətraf bölgələrə yayılır. Onun başındakı qaçaqların sayı getdikcə artırdı. Köhnə kişilər danışır-dılar ki, Kəlbəcərin Kilsə kəndində Məhəmməd kimi daha bir nəfər qorxmaz igid olub, qaçaq Fərman adında.
Deyirlər, ötən əsrin 29-30-cu illərin-də Kəlbəcərdə Şura hökuməti yenicə yarananda qaçaq Fərman, Kürdoğlu Mə-həmməd və dəstənin digər üzvləri Şura hökumətini Kəlbəcərdə yıxııblar.
Kəlbəcərdə Sovet hökuməti yeni yaranan vaxtlar imiş. Kilsə kəndində kimsə gedib kəndin 1 nəfər ailəsini satıb ki, bunlar Şura hökumətinin əleyhinə danışırlar. Elə o saat da milis işçiləri gəlib kəndə həmin ailənin ev əşyalarını, bütün barxanasını ata, uzunqulağa, öküzə yükləyib dirənirlər ki, kənddən sürgün olunursunuz. O vaxtlarda Kəlbəcərdə Mirzə Göyüş adlı bir nəfər oxumuş, savadlı adam olub. Həmişə qan barışdırarmış, el ağsaqqalı imiş. Gedib onu tapıb deyirlər ki, Mirzə Göyüş, bizi ailəlikcə kənddən köçürürlər. Mirzə Göyüş cavab verir ki, ay balam, neyləmək olar? Hökumətdi, köç deyir, köçməlisən. Həmin kəndin arxası dağ, qənşəri qalın meşəlik imiş. Sən demə, bir gün əvvəl hadisədən xəbər tutan qaçaq Fərmanla Kürdoğlu Məhəmməd əllərində beşaçılan öz dəstə üzvləri ilə bunları güdürmüşlər. Elə qəflə – qatır yüklü kənd aşağı yenəndə qaçaq Fərmanla Kürdoğlu milis məmurlarını güllələyir. Sonra hər ikisi yüklü ulağın bütün iplərini xəncərlə doğrayıb adamları evlərinə qaytarırlar.
Kürdoğlu Məhəmmədin Tərtər əhvalatlarından
Kürdoğlu Məhəmməd Qarabağın Ağdam, Tərtər rayonlarında dəfələrlə olub. Hətta Tərtərin Evoğlu kəndində yaşayan, əslən Kəlbəcərin Qaracanlı kəndindən olan Yunis Tağıyevin qonağı olub. Bu bölgələrdə də bir çox insanlara kömək edib.
Bir dəfə Yunis Tağıyev Kürdoğluna xəbər göndərib ki, Məhəmməd, yeni hö-kumət məni varlılar siyahısına salıb, inəyimi əlimdən alıb kolxoza vermək istəyirlər. Hansı ki, yazıq Yunusun bir inəyi və bir atı varmış. Məhəmməd gəlir Tərtərə, oradan da atını sürür Evoğlu kəndinə. Yunusla görüşür. Kənd Sovetinin sədri ilə danışır, məsələni yoluna qoyur. Yunusun inəyi də qalır özünə, atı da.
Adamı elə yox, belə güllələyərlər
Kürdoğlu Məhəmmədin başının dəstəsində Əbülfət bəy, Nüsrət bəy, qaçaq Fərman kimi 200-dən çox igid olub. Özü də onlara qoşulmaq istəyənlər əvvəlcə Qurani-Kərimə and içərmişlər. Bir dəfə Kürdoğlu dəstəyə qoşulan 1 nəfərdən şübhələnir. Qaçaq Fərmana deyir ki, Fərman, bu adamdan gözüm su içmir, şübhələnmişəm, onu sınayacam. Həmin adamı çağırıb deyir ki, su qabını da, tüfəngini də götür enək bulağa. Hər ikisi gəlir. Bulağa bir az qalmış Məhəmməd deyir ki, mən uzanıram, bir az yatacam, sən get bulaqdan su gətir. Həmin qaçaq bir az aralaşandan sonra yapıncısını çıxarıb meşənin göy çəmənində elə düzəldir ki, guya yapıncısının altında adam yatıb. Özü isə buradan 5-6 ağac aralanıb, beşaçılan əlində onu güdür. Həmin qaçaq yaxınlaşanda görür ki, Kürdoğlu yapıncının altında yatıb. Yavaşca su qabını yerə qoyur, tüfəngini çıxarıb “yatmış adamı” güllələyir. Bunu görən Kürdoğlu satqını atəşə tutur və de-yir:–“Anası göyçək, adamı elə yox, belə güllələyərlər”. Nanəcibin meyidini orada qoyub dəstəyə qayıdır və Fərmana bildirir ki, sənə demədimmi ki, bu nanəcibdən gözüm su içmir? Hökumət tərəfindən öyrədilmiş adam imiş, gəlib dəstəyə qoşulub.
P.S. Bu məqalədə qeyd etdiklərimiz Kürdoğlu Məhəmmədlə qısa tanışlıq idi. Əlbəttə onun şücaətini bir qəzet məqaləsində sığışdırmaq mümkün deyil.
Mirzə Nəsir
-
08Avq
Müəllif: Redaktor, 14:09
Teqlər: Digər