Tərtər Rayon Mədəniyyət Mərkəzində təhsil nazirliyi respublikanın bölgələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və yenilənən informasiya cəmiyyətində onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək məqsədi ilə Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirib.
Öncə təhsil nazirinin müavini Firudin Qurbanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işləri və idman sahəsində qazandığı uğurları əks etdirən sərgiyə baxış keçirilib.
Görüşdə rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, bölgədə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Müstəqim Məmmədov uşaqların, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə Təhsil Nazirliyinə öz təşəkkürünü bildirib və rayon təhsil işçilərinə yaradılmış bu imkandan yararlanmağı tövsiyə edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov son 25 il ərzində ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlərdən, surətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələrdən, Nazirliyin keçirdiyi islahatlardan danışıb.
F.Qurbanov son illərdə bir sıra vacib hüquqi-normativ sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirildiyini, 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr aparıldığını, son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini nazir müavini bildirib.
Firudin Qurbanov çıxışında müasir dövrdə təlim-tərbiyənin inkişaf istiqamətləri, yeni nəslin formalaşmasında rolu, gənclərin tərbiyəsində proiritetlər, təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəaliyyətin əhəmiyyətini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Müasir dövrdə ölkənin təhsil sisteminin ali məqsədi XXI əsrin tələblərinə cavab verən, milli ruhlu, vətənpərvər, bilikli, bacarıqlı, kamil vətəndaşlar yetişdirməkdir. Tərbiyənin strateji istiqamətlərindən bəhs edən nazir müavini bu baxımdan vətənpərvərlik tərbiyəsinin rolunu qeyd edərək, sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələr haqqında fikirlərini bildirib.
Görüşdə çıxış edən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev, Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Ağdam rayon 139 saylı ümumi orta məktəbin direktoru Nəzakət Məmmədova, Xocavənd rayon Salakənd kənd tam orta məktəbin direktoru Rəmziyyə Aslanova, Laçın rayon Qaradağlı kənd tam orta məktəbin psixoloqu Həcər Quliyeva ümumi təhsil məktəblərində tədris, təlim və tərbiyə sahəsində görülmüş işlərdən söhbət açıb, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.
Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
-
18İyl
Müəllif: Redaktor, 14:16