Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. “Azərbaycan multikulturalizmi” fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində görülən işlər barəsində söhbətləşdik.
Roza Şəfiyeva bildirib ki, dərslər bu ilin mart-iyun ayı ərzində Karlov Universitetinin Fəlsəfə fakültəsinin Şərqi Avropa ixtisası və musiqi bölümünün tələbələrindən, eləcə də universitetdə Ukrayna dilini tədris edən müəllimdən ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tərəfindən təqdim edilən tədris proqramı əsasında keçilib. Tədrisin sonunda müdavimlər uğurlu nəticə göstəriblər.
Pedaqoq Praqada olduğu müddətdə “Çex mərkəzləri” təşkilatının əməkdaşları ilə görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Adıçəkilən təşkilatın rəhbərliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.Roza Şəfiyevanın təşəbbüsü və “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələrin iştirakı ilə aprel ayında Karlov Universitetində “Azərbaycan mətbəxi” günü keçirilib. Tədbirdə tələbələr milli mətbəximizə aid təamlar hazırlayıblar, Azərbaycan xalq musiqilərini dinləyiblər. Tədbirin sonunda iştirakçılara milli mətbəximizi əks etdirən “Azerbaijani cuisine” adlı kitab hədiyyə olunub.
Roza Şəfiyeva söhbətində önəmli məqam kimi Azərbaycanın Çexiyadaki səfirliyinin, bilavasitə səfir Fərid Şəfiyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrə dəstək olduğunu, “Azərbaycan multikuturalizmi” fənnini öyrənən tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini diqqətə çatdırıb:
“Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev aprel ayında Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə görüşüb”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti