Adətdir, Novruzqabağı günlərdə hər bir ailədə əvvəlcə dünyalarını dəyişənləri yad edir, onların ruhlarına Quran surələri oxutdurur, qəbirlərin üstünü təmizləyir, evlərdə ehsan verirlər. Bu, xalqımızın milli mentalitetidir, təqdirəlayiq ənənədir. Çünki, kim bilir ki, bu gün başdaşlarının arasında gəzənlərin hansı sabah özü harada olacaq – torpağın üstündə, yoxsa altında? Yəni, anmalıyıq ki, bizim özümüzü də ansınlar.
“Qara bayram” deyilən gündə qəbristanlığa kimlər gəlmir? Azərbaycanın müxtəlif guşələrində, hətta ölkəmizdən kənarda yaşayanlar da həmin gün dünyadan köçənlərini yad etmək üçün doğma ocağa gəlirlər. Yəni bu ənənə həm də insanları bir-birinə yaxınlaşdırır, doğmalar arasında canlı ünsiyyətə cəlb edir. Bütün bunlar çox yaxşıdır. Amma açığını deyim ki, həmin gün bir tərtərli kimi mən həm də xəcalət hissi keçirirəm. Biz nə edirik? Doğmalarımızın qəbirlərini təmizləyib, otu-alağı, müxtəlif tullantıları yaxınlıqdakı qəbirlərin üstünə tökürük. Niyə? Məgər onlar da bizdən deyillərmi? Əgər qəbrin təmiz saxlanmasının ölünün ruhuna bir xeyri dəyərsə, onda başqa ruhları niyə narahat edirik? Hansı əsrdə yaşayırıq? Bütün tullantıları bir yerə toplayıb, oradan da daşıtdırmaq olmazmı?
Bu gün yaxşı tanıdığım bir insanın qəbrini pis vəziyyətdə görüb ürəkdən kədərləndim. Mən o qəbrin üstünü özüm də təmizləyə bilərdim. Amma bu cür məzarlar bir-iki deyil, çoxdur. Bu işi biz tərtərlilər birlikdə görməliyik. Özü də bu günün işini sabaha qoymadan,ləngimədən. Ümumiyyətlə,qəbristanlıqlara münasibətimiz dəyişməlidir, ən azından son və daimi əbədi yerimiz olduğuna görə.
Svetlana Bağırova