Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etmiş, onlara dövlətə və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir.
Göstərmişdir ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 262 dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.
Rayon rəhbəri Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovanın “Tərəqqi”, statistika idarəsinin rəisi Ədalət Məmmədovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş və onları bu münasibətlə təbrik etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, statistika idarəsinin rəisi Ədalət Məmmədov, rayon icra hakimiyyəti aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədova, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev, gənclər və idman idarəsinin rəisi Emin Pənahov çıxış edərək başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla bütün dövlət qulluqçularını təbrik etmişlər.
Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırmışdır.
“Yeni Tərtər”