Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn

    DSC_9034 (Копировать)Изображение 170Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər etmişdir. Səfər çərçivəsində yerli sakinlərlə və rəsmilərlə görüşən səfir onları narahat edən məsələləri, həmçinin əməkdaşlığın mövcud və yeni sahələrini müzakirə edib, ABŞ-ın dəstək ola biləcəyi sahələrlə maraqlanmışdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
    Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb.
    Müstəqim Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən, şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən də danışmış, 1-5 aprel müharibəsi zamanı rayona dəymiş ziyanın aradan qaldırılması üçün 3 milyon manat vəsait ayrıldığını bildirmişdir.
    Səmimi qəbul üçün təşəkkürünü ifadə edən səfir bildirib ki, ABŞ 1992-ci ildən Azərbaycana 1,3 milyard dollar yardım göstərib. Bu məbləğin 113 milyon dolları qaçqın və məcburi köçkünlərə yardım üçün ayrılıb. Buraya səhiyyə şəraitinin yaxşılaşdırılması, minaların təmizlənməsi, internetə çıxış, vətəndaş cəmiyyətinin inkişafı, fermerlərə məhsuldarlığın və gəlirlərin artırılması üçün texniki yardımın ayrılması daxildir.
    Sonra səfir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə gəlib.
    Səfir Robert Sekuta daha sonra Peşə Təlimi Mərkəzində təlimlərə cəlb edilən uşaqlarla görüşüb, söhbət edib, onların suallarını cavablandırıb.
    ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədov səfirə təmsil etdiyi qurumun fəaliyyəti, cəbhəyanı ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi sahəsində görülən işlər barədə məlumat verib.

    Müəllif: Redaktor, 08:57

    Teqlər:

İsmarıclar bağlıdır.