CƏSUR KƏŞFİYYATÇI
HƏRBİYƏ APARAN YOL
Bu gün oxucularımıza Azərbaycan Ordusunun igid, qorxmaz döyüşçüsü, kəşfiyyatçı Elnur Fərzəliyev haqqında danışacağıq. Elnur hərbi xidmətə 1995-ci ildə çağırılmışdır. Amma onun və ailədəki qalan 4 qardaşın (onlar da kəşfiyyatçı olublar) ordu həyatı, düşmənlə mübarizəsi bu tarixdən deyil, Xocalı hadisəsindən başlayır. O zaman Elnurgilin atası Qəzənfər müəllim Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun batalyonunda döyüşürdü. Ailə Ağdamda yaşayırdı.
Xocalı hadisəsi baş verəndə Qəzənfər müəllim evlərinə iki körpə qızcığazı ilə birlikdə soyuqdan donmuş Məlahət adlı bir qadını gətirmişdi. Bu ailənin başçısı ermənilər tərəfindən əsir götürülmüş, qadını və onun övladlarını isə xilas etmək mümkün olmuşdur. Həmin günlərdə o ailənin müsibətlərini görən Qəzənfər müəllimin 5 oğlu hərbçi olmağa, günahsız insanların intiqamını almağa söz vermişlər.
O zaman bütün Ağdam camaatı kimi, Elnurgilin ailəsi də təkcə Məlahət xanımgilə deyil (sonradan ailənin başçısını da əsirlikdən geri almaq mümkün oldu), yüzlərlə Xocalı sakininə dayaq olmuşdur. Ancaq bu günə kimi də 5 oğul əllərində əzizlərinin şəklini gəzdirən və “bunları görmüsünüzmü” deyə atalarına müraciət edən insanların gözlərindəki kədəri unutmurlar.
İKİ UNUDULMAZ GÖRÜŞ– İKİ MÜKAFAT
Qeyd etdiyimiz kimi, 1995-ci ildə Elnur Fərzəliyev Milli Orduda həqiqi hərbi xidmətə çağırıldı və bu, ürəyində çoxdan bəslədiyi fikirlərinin reallaşdırılması üçün ona imkan yaratdı. Onun hər günü düşməndən intiqam, qisas almaq hissi ilə keçirdi. Məhz buna görə də indiyədək qulluq etdiyi hərbi hissənin “Şərəf lövhəsi”ni Elnur Fərzəliyevin şəkli bəzəyir.
Əlbəttə, zəhmət qiymətləndiriləndə insan daha güclü olur. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla “İgidliyə görə” medalı ilə təltif olunması və bu dahi şəxsiyyət, müasir Azərbaycan Ordusunun qu-rucusu ilə şəxsi görüşü bugünədək bacarıqlı kəşfiyyatçının həyatını işıqlandıran, ən çətin məqamlardan cəsarətlə çıxmasına kömək edən bir amildir.
O, 1998-ci ildə ordudan təxris olundu. Lakin düşmənin torpaqlarımızda at oynatmasına dözə bilmədi. Yenidən kəşfiyyatçı peşəsini seçdi. Aprel hadisələri zamanı düşmən təxribatına ordumuzun verdiyi cavabda Elnurun da payı var. Məhz buna görə də həmin ərəfədə hərbçinin həyatında ikinci mühüm hadisə baş verdi. O, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşdü və bu döyüşlərdə fərqlənən bir qrup digər hərbi qulluqçularla birlikdə Prezident tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıldı.
“GÖRÜNMƏDƏN GÖRMƏK, ÖLMƏDƏN ÖLDURMƏK”
Kəşfiyyata gedəndə nə barədə düşünürsünüz? – deyə Elnura sual verdim.
–Yalnız tapşırığın yerinə yetirilməsi barədə, – deyə o, cavab verdi. Kəşfiyyatçının devizi “Görünmədən görmək, ölmədən öldürməkdir”. Əlbəttə, bəzi hallarda gözləmədiyimiz hadisələrlə üz-üzə qalırıq. Bu zaman əsas məsələ soyuqqanlı olmaqdır. İki dəfə ən yaxın dostlarım yanımda yaralanıblar və hər iki hadisə zamanı onları ölümdən qurtara bilmişəm. Onlardan biri Azərbaycan Bayrağı ordenli Emin Orucov, digəri isə aprel hadisələrində ağır yaralanmış Rizvan Qarayevdir.
Söhbətimizin sonunda Elnur qeyd etdi ki, hazırda Azərbaycan Ordusu çox güclüdür və onun sıralarında xidmət edən hər kəsin arzusu torpaqlarımızı işğaldan azad etməkdir. Bu yolda sizə uğurlar arzulayır, hər birimiz Qələbə gününü səbirsizliklə gözləyirik.
Svetlana Bağırova