Vətən hər kəsin doğulduğu eldən və evdən başlayır! – deyib babalarımız. Bu gün vətənə oğullar böyüdən belə eldən və evdən danışacağıq.
Bu el cəbhə bölgəsində uşaqdan böyüyə hər kəsin tanıdığı, təmas xəttindən 200 metr məsafədə yerləşən Qapanlıdır. O ev vətənə əsl vətənpərvər oğullar böyüdən Allahverdiyev Şahinin ata ocağıdır.
Dörd oğul anası olan Tünzalə xanımın ən böyük arzusu övladlarını sağlam, təhsilli, layiqli vətəndaş kimi böyütmək idi. Bu gün ana öz arzusuna çatmışdır. Milli Ordumuzun dörd hərbcisi olan Nicat, Rusif, Anar, Nəriman qardaşlarını təkcə kənd sakinləri deyil, oxuduqları Qapanlı kənd orta məktəbinin müəllim kollektivi və hal-hazırda xidmət göstərdikləri hərbi hissələrin zabit və komandirləri də çox sevirlər. Milli Ordumuzun erməni təxribatına cavab olaraq apardıqları Aprel döyüşlərində onlar vətənə olan sevgilərini silaha sarılaraq, Nicat – xüsusi təyinatlılarda, Rusif ağır artilleriyada – top komandiri kimi. Anar TŞK -da – manqa komandiri kimi, Nəriman isə havadan müdafiə hərbi hissəsində bir daha sübut etdilər.
Bax, budur vətəndaşlıq borcu və vətənpərvərlik hissi!
Bu gün vətənimizi, torpağımızı qoruyacaq və bütovləşdirəcək gücə malik qüdrətli ordumuz var. Elə ordumuz ki, hər bir əsgəri ölümün gözünə dik baxaraq şəhid olmağı da bacarır, qazi olmağı da.
26 iyul – Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə Milli Ordumuzun bütün şəxsi heyətini təbrik edir, savaş tariximizdə zəfərlər arzulayırıq.
Səlimə Yusibova